DÜNYA


Gürcüstanın birləşmiş müxalifəti ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Gürcüstanın “Güc birlikdədir” birləşmiş müxalifət qüvvələri ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla prezidentliyə namizəd, sabiq xarici işlər naziri Qriqol Vaşadze çıxış edib.

Onun sözlərinə görə, bu günlərdə “Omeqa qrup” şirkətinin rəhbəri Zaza Okuaşvilinin “Rustavi 2” televiziya kanalının efirində sabiq baş nazir, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvilinin adını korrupsiyada hallandırması bu zərurəti yaradıb.

Müxalifət lideri hesab edir ki, “Omeqa qrup”un rəhbərliyinin sıxışdırılmasında və bu şirkətdən rüşvət tələb olunmasında adıçəkilən bütün şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Q.Vaşadze deyib: “Siyasi opponentləri, azad mətbuatı, biznes strukturlarını təqib edən hakimiyyət bu məsələni ədalətli araşdıra bilməz. Ona görə də biz növbədənkənar parlament seçkilərinin keçirilməsini qətiyyətlə tələb edirik”.

“Bundan başqa, birləşmiş müxalifət marixuananın tibbi və kosmetik məqsədlərlə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin geri götürülməsini tələb edir”, - deyə Vaşadze vurğulayıb.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.