DÜNYA
Gürcüstanın daha altı böyük şəhərində yeni tədris ili oktyabrın 1-də başlayacaq
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Gürcüstanın daha 6 böyük şəhərində - Tbilisi, Kutaisi, Rustavi, Qori, Zuqduqi və Poti şəhərlərində dərs ili oktyabrın 1-də başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Dövlət Qurumlararası Koordinasiya Şurasının Komissiyanın iclasından sonra keçirdiyi brifinqdə söyləyib.
Baş Nazir deyib: “Bu şəhərlərdə ali təhsil müəssislərində və orta məktəblərdə yeni tədris ili oktyabrın 1-də başlayacaq. Bu qərar ölkədəki mövcud vəziyyəti və riskləri daha doğru qiymətləndirmək məqsədilə qəbul olunub. Bizə epidemioloqlarla birlikdə iki həftə vaxt lazımdır və yalnız bundan sonra biz uşaqlarla bağlı yeni qərar qəbul edəcəyik. Ən azı iki həftə ərzində, sentyabrın 15-dən oktyabrın 1-dək məktəblilər və şagirdlər məsafədən təhsil alacaqlar”.
Xatırladaq ki, bundan əvvəl Batumi və Kobuleti şəhərlərində yeni dərs ilinin oktyabrın 1-də başlaması barədə qəbul edilmişdi.
Qeyd edək ki, bu qərar Gürcüstanda epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul olunub.
Təkcə son sutka ərzində ölkədə 87 yeni yoluxma faktı qeydə alınıb. Bu, ölkədə epidemiyanın başlandığı gündən sonra ilk rekord göstəricidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi