DÜNYA
Gürcüstanın tanınmış jurnalisti, publisist və tərcüməçi Süleyman Süleymanova həsr olunmuş kitab hazırlanacaq
Tbilisi, 21 iyul, AZƏRTAC
Tanınmış jurnalist, ictimai və siyasi xadim, publisist və tərcüməçi Süleyman Süleymanovun həyatından bəhs edən kitabın nəşr olunması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş onlayn konfransda məlumat verilib.
Konfransda Gürcüstan hökumətinin nümayəndələri, gürcü və azərbaycanlı ictimai xadimlər, Gürcüstan Ombudsman Aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının, Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarından icmaların nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, jurnalistin ailə üzvləri, dostları və yaxınları iştirak ediblər.
Konfransda Süleyman Süleymanovun xidmətlərindən danışılıb, onun milli mənəvi dəyərlərimizin qorunmasında, təbliğində və inkişafındakı xidmətləri qeyd olunub.
Bildirilib ki, 42 il Gürcüstanda Azərbaycan dilində çıxan yeganə “Gürcüstan” qəzetinin baş redaktoru olan S.Süleymanov gənc azərbaycanlı jurnalist ordusunun yetişməsində də mühüm rol oynayıb.
Qeyd edilib ki, Gürcüstan Ali Sovetinin üzvü seçilən Süleyman Süleymanov Gürcüstanın Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülüb. 1997-ci ildə o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb.
Məşhur jurnalistin xatirəsinə həsr olunmuş onlayn konfrans Gürcüstan Qadınlar Şurasının təşəbbüsü ilə, “Gürcüstan Jurnalistlər Birliyinin, “Gürcüstan” qəzetinin, Gürcüstanda Azərbaycanlı Qadınlar Birliyinin və Gürcüstanda Azərbaycanlı Jurnalistlər Birliyinin birgə dəstəyi ilə reallaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi