SİYASƏT
Gürcüstanın və Azərbaycanın Mərkəzi Seçki komissiyaları səmərəli əməkdaşlıq edirlər
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Bu, bütün sahələrdə, eləcə də seçki komissiyaları arasında əməkdaşlığın inkişafına, əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze söyləyib.
D.Cavaxadze bildirib ki, bu gün Gürcüstanın və Azərbaycanın Mərkəzi Seçki komissiyaları arasında çox yaxşı münasibətlər var. “Biz çox səmərəli əməkdaşlıq edirik. Biz əksər beynəlxalq tədbirlərdə də eyni mövqedən çıxış edirik”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə, seçki sistemlərinin təkmilləşdirilməsi, seçkilər zamanı mütərəqqi metodların tətbiqi, təcrübə mübadiləsi və s. məsələlər prioritet təşkil edir. Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan artıq bir sıra mütərəqqi metodlardan istifadə edir. Biz də bu metodlardan istifadə edirik və inanırıq ki, gələcəkdə nailiyyətlərimiz daha çox olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi