Gürcüstanın xarici ticarət dövriyyəsi 16 faizdən çox azalıb
AzerTAg.az
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 7 milyard 22,8 milyon ABŞ dolları təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstan 2 milyard 71,4 milyon dollarlıq məhsul ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz azdır. İdxal isə 17,5 faiz azalaraq 4 milyard 951,4 milyon dollar təşkil edib.
Yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsində 2 milyard 880 milyon dollar həcmində mənfi saldo yaranıb. Bu da ümumi ticarət dövriyyəsinin 41 faizinə bərabərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var