İQTİSADİYYAT


Gürcüstanla beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycanla Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası fevralın 17-18-də Bakıda keçirilib. Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstan nümayəndə heyətinə bu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub.

H.Həsənov paytaxtda və respublikanın digər ərazilərində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması məsələsinə diqqət çəkərək bu problemin birgə tədbirlər nəticəsində daha tez həll olunacağı və bu sahədə Gürcüstanın aidiyyəti qurumlarının da məsələyə müdaxiləsinin ümumi işin xeyrinə təsir edəcəyini vurğulayıb. Eyni zamanda, yerli yük daşıyıcılarının həcminin Gürcüstan tərəfinin daşıyıcıları ilə müqayisədə artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının 2020-ci il üçün artırılması ilə bağlı təklif müzakirə edilib.

M.Xmaladze 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycana Gürcüstandan boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında hər iki ölkənin gömrük orqanları tərəfindən eyni şəraitin yaradılması məsələsinin geniş müzakirə edilməli olduğunu diqqətə çatdırıb.

Sonda daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.