İQTİSADİYYAT
Gürcüstanla sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib

Bakı, 10 iyun, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sərhədyanı bölgələrdə birgə radiomonitorinqlər keçirilib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, məqsəd sərhədyanı ərazilərdə mobil rabitə şəbəkələrinin və televiziya-radio yayımlarının tənzimlənməsi, yeni texnologiyalara keçidlə əlaqədar radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınmasıdır.
Radiomonitorinqlərin nəticələrinə əsasən 6-7 iyunda Tbilisi şəhərində mütəxəssislər arasında sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və yeni nəsil texnologiyalarının (5G, DAB+ və s.) tətbiqi üçün radiotezlik kanallarının razılaşdırılması üzrə müzakirələr aparılıb.
Həmin texnologiyaların sərhədyanı ərazilərdə tənzimlənməsi ilə əlaqədar hər iki tərəfdən müvafiq tədbirlərin görülməsi razılaşdırılıb.
Qeyd olunan birgə radiomonitorinq və müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.