REGİONLAR
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
Cəbrayıl, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz Ağdamı, Füzulini, Cəbrayılı dağıdılmış gördük. Müharibənin izləri, dağıdılmış evlər bizi çox təsirləndirdi. Bu görüntüləri izləmək çox çətindir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstanın “Imedi TV” telekanalının jurnalisti Tamar Merabişvili deyib.
Gürcüstanlı jurnalist bildirib ki, 30 ilə yaxın müddətdə baxımsız qalmış, dağıdılmış qəbiristanlıqlar onu daha çox təsirləndirib: "Səfər zamanı qəbiristanlıqları da gördüm. Çox təsirləndim. Çünki 30 ilə yaxındır bu məzarlar ziyarət edilmir. Bir jurnalist kimi istəyirəm insanlar evlərinin dağıntılarını, qohumlarının qəbirlərini tapıb ziyarət edəndə bu anları görüm, onlarla söhbət edim, gözlərinə baxım, duyğularını paylaşım, bu haqda reportaj hazırlayım", - deyə Tamar Merabişvili bildirib.