Gürcüstanlı rəssam Ulu Öndərin 100 illik yubileyinə xüsusi hazırlaşır
AzerTAg.az
Tbilisi, 30 yanvar, AZƏRTAC
Ailəmizdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevə böyük sevgi olub. Atam hər il Ulu Öndərin ad günündə teleqram vurar, onu təbrik edərdi. Ulu Öndərə sevgi də bizə ondan keçib. Mən də Ümummilli Liderin 100 illik yubileyinə xüsusi olaraq hazırlaşıram. Belə ki, Ulu Öndərin portretini yaratmaq mənim üçün böyük məsuliyyət və şərəfdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli rayonunda yaşayan rəssam Xəyalə Mustafayeva söyləyib.
O deyib: “Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki Qələbəsindən sonra Ali Baş Komandan İlham Əliyevin portretini yaratdım. Eyni zamanda, Şuşa şəhərinin işğal dövründəki və işğaldan sonrakı görünüşünün kompozisiyasını hazırladım. Əsərlərimin birində “Dəmir yumruq və Xarıbülbül” kompozisiyasında 4 gül və 1 tumurcuq var. Tumurcuq gələcək sülhün simvoludur. İnanırıq ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ciddi səyi və gərgin əməyi nəticəsində sülhə nail olunacaq və tumurcuq açacaq”.
Qeyd edək ki, bu günə qədər rəssamın əsərlərinin bir neçə dəfə sərgisi təşkil olunub. Bunlardan biri də Azərbaycan səfirliyində keçirilib.
Onun sözlərinə görə, növbəti sərgi Ulu Öndərin 100 illik yubileyik ilə əlaqədar olacaq. Sərgidə görkəmli siyasi xadim, dünyaşöhrətli lider, Gürcüstanda da çox sevilən və hörmət bəslənilən Ulu Öndər Heydər Əliyevin portreti xüsusi yer tutacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi






Xəbərin mətnində orfoqrafik səhv var