ELM VƏ TƏHSİL


Gürcüstanlı tələbələr təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər

Bakı, 18 fevral (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) Boloniya prosesinin tam tətbiqi məqsədi ilə tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Elə Gürcüstanın Acarıstan Muxtar Respublikasında yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universiteti ilə əlaqələr də məhz bu istiqamətdə inkişaf etməkdədir.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə Batumi Dövlət Universitetinin 4 tələbəsi onları müşayiət edən müəllimləri ilə birgə 2012-2013-cü ilin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmək üçün muxtar respublikaya gəlmişlər. Universitetin rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq xatırlatmışdır ki, 2012-ci ilin iyun ayında Acarıstan nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində iki universitet arasında elm, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Qurulan faydalı əməkdaşlığın davamı kimi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, fransız dili müəllimliyi, ingilis dili müəllimliyi, alman dili müəllimliyi ixtisasları üzrə 4 bakalavr 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində davam etdirmiş, universitetin həmkarlar ittifaqının sədri, tarix elmləri doktoru Həmzə Cəfərovun rəhbərliyi ilə sosial idarəetmə və turizm kafedrasının müdiri Hafiz Hüseynov, tarix-filologiya, sosial idarəetmə və hüquq, təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin tələbələrindən ibarət 13 nəfərlik nümayəndə heyətinin yay istehsalat təcrübəsi ilə bağlı Batumi Dövlət Universitetinə səfəri uğurlu keçmişdir. Elmi əməkdaşlıq sahəsində də mühüm işlər görülmüş, universitet əməkdaşları bir sıra beynəlxalq konfrans və simpoziumlarda birgə iştirak etmişlər. Rektor əlaqələrin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görüləcək işlərdən bəhs etmiş, gürcüstanlı tələbələrin universitetdə təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını bildirmişdir.

Tədbirdə Batumi Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, professor Lile Tandilava, universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Maqutadze, bir semestr ərzində təhsillərini Batumi Dövlət Universitetində davam etdirən tələbələr adından Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə II kurs tələbəsi Fətəlixan Hüseynli birgə əməkdaşlığın ölkələr arasında münasibətlərin inkişafındakı rolundan, tələbə mübadiləsinin əhəmiyyətindən danışmışlar.

Qonaqlar Naxçıvan Muxtar Respublikası və Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olmuşlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.