İQTİSADİYYAT
Gürkan Kumbaroğlu: TANAP Avrasiyanın enerji təchizatında həlledici gücə malikdir
İstanbul, 1 iyun, AZƏRTAC
Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Avrasiyanın enerji təchizatında bütün sağlam rəqabətlərə davam gətirmək iqtidarında olan beynəlxalq layihədir. Onun mövcudluğu həlledici gücə malikdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində enerji iqtisadiyyatı üzrə ekspert, Türkiyənin Boğaziçi Universiteti Enerji Politikaları Araşdırma Mərkəzinin prezidenti, professor Gürkan Kumbaroğlu deyib. O bildirib ki, TANAP və onun ardınca istifadəyə veriləcək TAP boru kəməri yüz illər boyu fəaliyyət göstərəcək. Bu boru kəmərləri texniki imkanları nəqletməyə davam gətirənə qədər istifadə olunacaq. Hesablamalara görə, TANAP-ın keçdiyi coğrafiyaya yaxın olan bütün ölkələr yaxın gələcəkdə bu və ya digər halda bu xəttə qoşulmağa maraq göstərəcəklər. Bu kəmər istifadəyə verilən kimi TAP layihəsində iştirak edən ölkələr öz öhdəliklərini daha tələskən şəkildə yerinə yetirəcəklər. Ortada heç bir süni əngəl qalmayacaq.
TANAP-ın Azərbaycan və Türkiyənin səmimi dostluq və təmənnasız qardaşlıq münasibətlərinin ortaq bəhrəsi olduğunu vurğulayan G.Kumbaroğlu deyib: “TANAP-ın bir sıra özəllikləri vardır. Əvvəla bu xəttin tikintisi qənaətli bir maliyyə xərci ilə gerçəkləşib. İkincisi, bu kəmər əlavə qoşulmalar üçün açıq olmaqla bərabər geniş daşıyıcılıq gücünə malikdir. Ən əsası isə TANAP Azərbaycan və Türkiyənin geosiyasi və enerji təchizatındakı gücünü daha da artıracaq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul