İQTİSADİYYAT
Güzəştli limitlərin artırılması sosial təminat baxımından müsbət haldır
Bakı, 23 dekabr, AZƏRTAC
Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitlərin artırılması sosial təminat və xüsusən də aztəminatlı ailələrin xərclərinin azaldılması baxımından müsbət haldır.
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov AZƏRTAC-a Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılması ilə bağlı son qərarını şərh edərək deyib.
Ekspert hesab edir ki, son dəyişikliklər sosial xarakterli mühüm bir addımdır. Nəticə etibarı ilə limitlərin artırılması əvvəlki qiymətlərlə istifadə edilən həm elektrik enerjisi, həm də mavi qazın həcminin artmasına xidmət edir. Sözsüz ki, vətəndaşlar köhnə qiymətlərlə əvvəlki tariflərə nisbətən müqayisəli olaraq daha çox elektrik enerjisi və qazdan istifadə edə bilirlər. Yəni limitlərin artırılması imkan verəcək ki, artırılmayan tariflər ilə daha çox həm elektrik enerjisi, həm də mavi qaz istehlak etmək mümkün olsun. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu addım sosial təşəbbüsdür və birbaşa sosial məqsədlərə xidmət edir.
Digər tərəfdən, limitlərin artırılması kommunal xidmətlərdən istifadə edənlərin dairəsini genişləndirir. Limitlərin artırılması nəticə etibarı ilə daha çox ailələrin güzəştlı limitlərdən istifadə etməsinə imkan verir. Bu baxımdan, yeni qaydalar sözügedən kommunal xidmətlərə görə köhnə, yəni aşağı tariflər ilə istifadə edənlərin sayının çoxalmasına və eləcə də, diferensial sistemdən faydalananların ümumi abonentlərin payında faizinin artmasına səbəb olacaq.
V.Bayramov diqqətə çatdırıb ki, son dəyişiklikləri tətbiq olunan diferensial sistemin təkmilləşdirilməsinin ilkin mərhələsi kimi xarakterizə etmək olar. Buna görə də limitlərin artırılması həmin diferensial sistemin təkmilləşdirilməsi baxımından ilkin addım kimi qiymətləndirilməlidir. Bu isə Azərbaycanda tətbiq edilən sosial diferensial sistemin mərhələli şəkildə gələcəkdə hədəflərə tam uyğunlaşdırılmasına gətirib çıxara bilər. Eyni zamanda, ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, xüsusən də sənaye sektorunda diferensial sistemin tətbiq edilməsini də gündəmə gətirir.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının dekabrın 23-də keçirilmiş növbədənkənar iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.