İQTİSADİYYAT
“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına inteqrasiya edilib
Bakı, 30 may, AZƏRTAC
“Güzəştli mənzil” sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb.
Portaldan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən, “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib. "Elektron hökumət" portalında “Elektron imza” və ya “Asan İmza” vasitəsilə qeydiyyatdan keçib “Güzəştli mənzil” sistemi elektron xidmətindən istifadə etmək mümkündür.
Bu gündən etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar "Elektron hökumət" portalına daxil olmaqla müraciətlərini Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) göndərə bilərlər. Bunun üçün, portalın "Bütün xidmətlər" bölməsindən Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin xidmət qrupu arasından "Güzəştli mənzil" sistemi elektron xidmətini seçmək lazımdır. Xidməti portalın axtarış qutusuna, "Güzəştli mənzil" sistemi yazmaqla da tapmaq olar.
Güzəştli mənzillər almaq istəyən, lakin elektron imzası olmayanlar "Elektron imza"nı “www.e-imza.az” saytı üzərindən onlayn və “ASAN xidmət” mərkəzlərinin MİDA xidmət pəncərələrinə müraciət etməklə, "Şəbəkə" xidmət mərkəzlərindən, Elektron imza qeydiyyat məntəqəsindən (Dilarə Əliyeva küç. 185) əldə edə bilərlər.
Məlumat üçün bildirilir ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan “Elektron imza” sertifikatından istifadə tam pulsuzdur. Bir dəfə ödəniş edib sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, “Elektron imza” beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə “Elektron imza” ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.
"Güzəştli mənzil" sisteminin fəaliyyəti ölkə vətəndaşlarını müasir memarlıq üslubunda yaşayış sahələri ilə təmin etməklə onların məişət şəraitini yaxşılaşdıracaq.
Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/559 linkindən əldə etmək mümkündür.