İQTİSADİYYAT
“Güzəştli mənzil” sisteminin satış modulunun sınaq versiyası istifadəyə verilib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə aprelin 9-da “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.
MİDA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq xidmət istifadəçilərə mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər. “Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.
Satış modulunun sınaq versiyası bu ilin aprelin 9 –da saat 11:00-dan aprelin 27-də saat 23:59-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək. Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.
Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək mövzu ilə bağlı bütün suallara cavab tapa bilərlər.