CƏMİYYƏT
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün müasir Qəbul Mərkəzi istifadəyə verilib
Bakı, 21 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində yeni və müasir Qəbul Mərkəzi istifadəyə verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəz “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi üzrə pensiya hüququ yaranan şəxslərə xidmət göstərir. Onların sırasına hərbi və xüsusi rütbəli şəxslərlə yanaşı, dövlət qulluqçuları, həmçinin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışmış şəxslər daxildir.
Qəbul Mərkəzində güzəştli şərtlərlə pensiya hüququ olanların müraciətlərinə baxılması, suallarının cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzrə onlara operativ və şəffaf xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Mərkəzdə səmərəliliyin təmin edilməsi məqsədilə müxtəlif kateqoriyadan olan və güzəştli təminat verilən şəxslərin qəbulu növbəlilik əsasında təşkil olunub. Belə ki, həftənin I, III və V günlərində hərbi və xüsusi rütbəli şəxslərin, II və IV günlərində isə dövlət qulluqçularının və güzəştli təminat verilən digər şəxslərin müraciətlərinə baxılır.
Mərkəzə gün ərzində 200-dək müraciət daxil olur. Müraciətlər əsasən xüsusi şərtlərlə pensiya təyin edilməsi, həmin pensiyaların yenidən hesablanması, müvafiq arayışların alınması və digər halları əhatə edir. Qəbul Mərkəzində hərbi və xüsusi rütbəli şəxslərə münasibətdə bir sıra müavinətlərin verilməsi ilə bağlı müraciətlərə də baxılır.