Güzəştli vergi tutulan ölkələrdə ödəmələrlə bağlı qanunvericilikdə dəyişiklik edilib
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Vergi Məcəlləsinə yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərdən biri də güzəştli vergi tutulan ölkələrə edilən ödəmələrlə bağlıdır.
Vergi eksperti İlqar Əsədov sözügedən dəyişikliklə bağlı AZƏRTAC-a bildirib ki, Vergi Məcəlləsinə əsasən, güzəştli vergi tutulan ölkələrə edilən ödəmələrin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi ilə bağlı istisnalara daha biri əlavə olunub. Qeyri-rezidentin daimi nümayəndəliyi özünün xalis mənfəətini əsas müəssisəsinə köçürə bilər. Həmin köçürmə Vergi Məcəlləsinin 126-cı maddəsinə əsasən, 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. Bundan başqa, daha əvvəl əsas müəssisə güzəştli vergi tutulan ölkədə yerləşirdisə, yaxud onun hesabı güzəştli vergi tutulan ölkədəki bankda idisə və ödəmə həmin hesaba edilirdisə, həmin ödəmədən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə vergi tutulurdu. Beləliklə, Vergi Məcəlləsinin 126-cı və 125-1-ci maddələri müstəqil normalar olduğu üçün qeyri-rezident əsas müəssisəyə yuxarıda qeyd edilmiş hal üzrə köçürmələrdən iki dəfə 10 faizlik vergi tutulurdu.
Ekspert vurğulayıb ki, yeni dəyişikliklə bu hal aradan qaldırılıb. Həmin vəsaitlər Vergi Məcəlləsinin 125-1-ci maddəsi üzrə tutulmadan azad edilib. Məcəllənin 126-cı maddəsi üzrə tutulma isə qüvvədə qalıb.
Xəbərin mətnində orfoqrafik səhv var