DÜNYA
Güzgü cavabı: Moskva 23 britaniyalı diplomatı ölkədən çıxarır
Bakı, 17 mart, AZƏRTAC
Moskva Londona adekvat cavab verir: Rusiyada 23 britaniyalı diplomat arzuolunmaz şəxs elan edilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, martın 17-də Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Moskvadakı səfiri Lori Bristounu bu barədə məlumatlandırıb.
Həmçinin Rusiyadakı Britaniya şurasının fəaliyyəti dayandırılıb, Britaniyanın Sankt-Peterburqdakı konsulluğu isə bağlanacaq. XİN Rusiyaya qarşı qeyri-dost xarakterli fəaliyyətlərin davam edəcəyi təqdirdə, Moskvanın da digər cavab tədbirləri görmək hüququnu özündə saxlayacağı barədə Birləşmiş Krallığı xəbərdar edib.
Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan onların Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu işdə Rusiyanın əli olduğu iddia edilir.
Martın 14-də Tereza Mey “Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verildiyini bildirmişdi. Moskva isə öz növbəsində bu addımı “kobud təxribat” adlandırmış və Britaniyaya adekvat cavab verəcəyini açıqlamışdı.