SİYASƏT
HƏBS EDİLƏN TÜRK HƏRBİ QULLUQÇULARI AZADLIĞA BURAXILMIŞLAR
Xəbər verdiyimiz kimi, ABŞ əsgərləri Şimali İraqın Süleymaniyyə şəhərində 11 türk hərbi qulluqçusunu həbs etmişlər. Bu hadisə Türkiyədə böyük narazılığa səbəb olmuşdur. Ölkənin Xarici İşlər Nazirliyi ABŞ səfirinə, Türkiyə silahlı qüvvələri baş qərargahı isə NATO-nun Baş komandanlığına hadisə ilə əlaqədar qəti etirazını bildirmişlər. ABŞ-ın Ankaradakı səfirliyinin önündə etiraz mitinqi keçirilmişdir. Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ-in vitse-prezidenti Dik Çeyni, baş nazirin müavini və xarici işlər naziri Abdullah Gül isə dövlət katibi Kolin Pauell ilə telefonla danışaraq türk əsgərlərinin dərhal azadlığa buraxılmasını tələb etmişlər. Türkiyənin qəti mövqeyi və diplomatik addımları müsbət nəticə vermişdir. Türk əsgərləri azadlığa buraxılmışlar.