ELM VƏ TƏHSİL


HACIBƏY FƏRƏCULLA OĞLU SULTANOV

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış astronom alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, Azərbaycan Milli Elmlər Akademiyası fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini Hacıbəy Fərəculla oğlu Sultanov 2008-ci il martın 5-də ömrünün 87-ci ilində vəfat etmişdir.

Hacıbəy Sultanov 1921-ci il sentyabr ayının 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra o, İkinci Dünya müharibəsində iştirak etmək üçün cəbhəyə yollanmışdır. Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.

1946-cı ildə ordudan tərxis edilən Hacıbəy Sultanov Azərbaycan Dövlət Universitetinin astronomiya kabinetində işə qəbul olunaraq elmi tədqiqatlara başlamışdır. O, 1947-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının aspirantı kimi Mixail Lomonosov adına Moskva Dövlət Universitetinə ezam edilmişdir. Aspiranturanı bitirdikdən sonra Akademiyanın Fizika və Riyaziyyat İnstitutunda işləməyə başlayan Hacıbəy Sultanov 1953-cü ildən burada yaradılmış astrofizika sektoruna rəhbərlik etmişdir. 1959-cu ildə həmin sektorun əsasında Şamaxı Astrofizika Rəsədxanası təşkil edilmiş və Hacıbəy Sultanov 1981-ci ilədək onun direktoru olmuşdur. O, 1981-ci ildən ömrünün sonunadək Şamaxı Astrofizika Rəsədxanasında şöbə müdiri vəzifəsində işləmişdir. 1976-1981-ci illərdə Hacıbəy Sultanov Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.

Hacıbəy Sultanov 1951-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almış, 1967-ci ildə isə Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Astronomiya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Hacıbəy Sultanov Beynəlxalq Astronomiya İttifaqının, Avropa Astronomiya Cəmiyyətinin, SSRİ Elmlər Akademiyası nəzdində Ümumittifaq Astronomiya və Geodeziya Cəmiyyəti Mərkəzi Şurasının üzvü və onun Azərbaycan bölməsinin sədri olmuşdur.

Müasir dövrdə Azərbaycanda astronomiya sahəsində tədqiqatların yenidən qurulması Hacıbəy Sultanovun adı ilə bağlıdır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasının işi formalaşdırılmış, o dövr üçün müasir olan teleskopların alınıb quraşdırılması və astronomiya sahəsində yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilmişdir. Onun elmi fəaliyyətinin əsas sahələri səma mexanikası və Günəş sisteminin kosmoqoniyası ilə bağlı idi. O, asteroidlərin mənşəyinə dair riyazi nəzəriyyənin qurulması istiqamətində orijinal işlər yerinə yetirmişdir.

Hacıbəy Sultanovun elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Qocaman alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Hacıbəy Sultanovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev, Artur Rasizadə,

Oqtay Əsədov, Ramiz Mehdiyev,

Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

Mahmud Kərimov, Fatma Abdullazadə,

Arif Haşımov, Akif Əlizadə,

Nailə Vəlixanlı, Vaqif Fərzəliyev,

Tofiq Nağıyev, Akif Hacıyev,

Maqsud Əliyev, Əyyub Quliyev

X X X

Mərhumun cənazəsi vidalaşmaq üçün 2008-ci il martın 6-da saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.