HƏDDİNİ AŞAN ŞƏRƏFSİZLƏR, QATI BÖHTANÇILAR CƏZALANDIRILMALIDIRLAR
AzerTAg.az
Azərbaycan barədə, xüsusilə də ölkəmizin Prezidenti, dünya şöhrətli siyasətçi Heydər Əliyev haqqında müxalifət liderlərinin, onların himayə etdikləri qəzetlərin, ilk növbədə “Yeni Müsavat” qəzetinin hərzə-hədyan, iftira, yalan və böhtanlarla dolu cızmaqaraları Bərdə rayonu ictimaiyyətinin də qəzəb və nifrətinə səbəb olmuşdur.
Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və pensiyaçıların nümayəndələrinin ümumrayon toplantısında prezident seçkiləri ərəfəsində “Müxalifətin Koordinasiya Mərkəzi” adlanan quruma daxil olan partiyaların, xüsusilə də Müsavat Partiyası funksionerlərinin hər vəchlə iğtişaş yaratmaq, sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənilmişdir. Toplantıda çıxış edənlər vurğulamışlar ki, ölkəmizdə yaranmış sabitlik müxalifəti narahat edir. Öz çirkin xislətinə sadiq qalan “Yeni Müsavat” qəzeti iqtidar əleyhinə əsası olmayan yazılar dərc edir. Onların bu çirkin əməlləri xalqımızın və dövlətimizin mənafelərinə zidd, yaramaz hərəkətlərdir.
Azərbaycan xalqı, eləcə də bərdəlılər uzun illərdir ki, ölkəmizin
Prezidenti Heydər Əliyevi tanıyır, onu sevir və dövlətimizin başçısına inanırlar. Növbəti prezident seçkilərində bərdəlilər yalnız xalqımızın xilaskar oğlu, görkəmli siyasətçi Heydər Əliyevin namizədliyini dəstəkləyəcəklərini bir daha bildirirlər.
Xalqımıza düşmən mövqedə dayanan müxalifət liderlərinin qanunla cəzalandırılmasını qətiyyətlə tələb edən toplantı iştirakçıları dövlətimizin başçısına müraciət qəbul etmişlər.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Biz yaxşı bilirik ki, tariximizin ən məsul və əlamətdar günlərini yaşayırıq. Artıq ölkəmizdə növbəti prezident seçkilərinə hazırlıq başlanmışdır. Adətən seçkiqabağı dövrlərdə ayrı-ayrı siyasi partiyaların, qurumların və fərdlərin fəallığı istər-istəməz artır. Prezidentliyə namizədlərin, onları dəstəkləyən qüvvələrin ictimai rəyin dəstəyini qazanmaq istəyi, bu məqsədlə müxtəlif üsullardan, vasitələrdən istifadə etmək cəhdləri başa düşüləndir. Təbiidir ki, bütün bunlar ölkəmizin Konstitusiyasında da təsbit olunmuşdur və heç kəsdə, o cümlədən bizdə də heç bir narahatlıq doğurmur. Lakin adi vətəndaş olaraq bizi ciddi narahat edən məsələlər də vardır və Sizə müraciət etmək zərurəti də buradan yaranmışdır.
Bəzi siyasi partiyalar, ilk növbədə Müsavat Partiyası və onun orqanı olan qəzet öz fəaliyyətləri ilə hiddət doğururlar. Uzun illərdir ki, öz partiyasının diktəsi ilə oturub-duran bu qəzet cəmiyyətdə çaşqınlıq yaratmaq, adamları qarşı-qarşıya qoymaq, ictimai sabitliyi pozmaq yolunu tutmuşdur. Milli dövlətçiliyimizin və xalqımızın ümumi mənafeyi, bu qəzetin səhifələrində ayrı-ayrı şəxslərin iddiaları, fərdi maraqları naminə tapdanır.
Qəzetdə elə yazılar, məlumatlar, informasiyalar dərc olunur ki, onları xüsusilə indiki şəraitdə, həm də bu formada ictimaiyyət arasına çıxarmaq, yumşaq desək, yolverilməzdir.
Siyasi plüralizm, fikir, ideya müxtəlifliyi müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına xidmət etməlidir. Belə hüquqlar heç kəsə, heç bir mətbuat orqanına ona görə verilmir ki, onlar şər, böhtan yaymaqla məşğul olsunlar.
İş o həddə çatmışdır ki, “Yeni Müsavat” qəzeti ayrı-ayrı rəhbər işçilərin, hətta ölkəmizin Prezidentinin şərəf və ləyaqətinə toxunan materiallar dərc edir.
Ölkəmizdə adi vətəndaşların hüququ qanunla qorunur. Kiminsə mənliyinə toxunmaq cinayət əməli sayılır. Ona görə də biz narahat oluruq. “Yeni Müsavat”a bu hüquqları kim verib? Onun hansı xüsusi imtiyazları var ki, ölkəmizin Prezidentinin ünvanına hədyan yazır?
Təbiidir ki, belə hüquqlar heç kəsə verilmir. Biz hesab edirik ki, bütün bunlar cəzasızlıq şəraitindən irəli gəlir. Hər kəs öz əməlinin cəzasını çəkməlidir. Uzun illərdir ki, “Yeni Müsavat” nə gəldi yazır. Sanki onun üçün müqəddəs heç nə yoxdur. Qəzetin cavabdeh əməkdaşları hərzə-hədyan üçün layiq olduqları cəzanı almadıqlarına görə, yeni və daha təhlükəli addımlar atırlar.
Biz yekdilliklə belə fikirdəyik: ya bu qəzet siyasi mübarizəsini sivil yollarla, Konstitusiyamızda təsbit olunmuş vasitələrlə aparmalı, yaxud da fəaliyyətini dayandırmalıdır. Xarici dövlətlərin, digər maraqlı qüvvələrin maliyyə yardımı ilə işləyən, düşmən dəyirmanına su tökən hər kəsin, hər bir təşkilatın,mətbuat orqanının aqibəti belə olmalıdır. Bunu hamımızın, bütün Azərbaycanın mənafeyi tələb edir.
Cənab Prezident!
Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Xəbərin mətnində orfoqrafik səhv var