İDMAN
HƏKİMLƏR AZARKEŞLƏRİN SAĞLAMLIĞININ QEYDİNƏ QALIRLAR
AZƏRTAC-ın xarici informasiya vasitələrindən aldığı xəbərə görə, Portuqaliya həkimlərinin narahatlığına İsveçrədə aparılmış tədqiqatlar səbəb olmuşdur. Bu tədqiqatlar göstərmişdir ki, sonuncu dünya çempionatı günlərində ölkədə infarkt nəticəsində ölənlərin sayı 60 faiz artmışdır. Həkimlərin fikrincə, ölüm riski futbola stadionlarda baxmağa gələn azarkeşlər üçün daha yüksək ola bilər.
Portuqaliya həkimləri isveçrəli həmkarlarının xəbərdarlıqlarına ciddi yanaşmışlar. Ölkənin Kardioloqlar Federasiyasının sədri Manuel Karrejeta demişdir ki, oyun zamanı ürək tutması keçirənlərə yerindəcə tibbi yardım göstərmək üçün çempionatın 31 görüşünün keçiriləcəyi bütün 10 stadionu reanimasiya aparatları və defibrillyatorlarla təmin etmək vacibdir.
Doktor Karrejeta onu da demişdir ki, futbol azarkeşləri görüş ərəfəsində az yesələr və kofe, spirtli içkilər içməsələr infarkt keçirmək riskini azaldarlar.