SİYASƏT


HAKİMLƏR ÜÇÜN BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR

Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 1-2-də Bakıda insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının məhkəmələr tərəfindən tətbiqinə dair seminar keçirilmişdir. Ədliyyə Nazirliyinin Avropa Şurası ilə birgə təşkil etdiyi tədbirdə şəhər və rayon məhkəmələrinin hakimləri, mütəxəssislər, Avropa Şurasının ekspertləri və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

Seminarda “İnsan hüquqları üzrə Avropa Konvensiyasının standartları və Azərbaycan qanunvericiliyi” mövzusunda məruzələr, Konvensiyanın 5-ci və 6-cı maddələrində təsbit olunmuş azadlıq və şəxsi toxunulmazlıq hüququna və ədalətli məhkəmə hüququna dair beynəlxalq və azərbaycanlı ekspertlərin çıxışları maraqla dinlənilmiş, faydalı diskussiyalar aparılmış, müvafiq məhkəmə presedentləri öyrənilmişdir. Canlı dialoq şəraitində keçən müzakirələrdə insan hüquqları üzrə Avropa Konvensiyasının məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ətrafında fikir mübadiləsi və maraqlı diskussiya aparılmışdır.

Seminar başa çatdıqdan sonra Avropa Şurasının ekspertləri – insan hüquqları üzrə Baş Direktorluğun Proqram məsləhətçisi Kjiştof Ziman, İsveçin Raul Uollenberq İnstitutunun professoru İneta Ziyemele, İngiltərənin London Paytaxt Universitetinin professoru Filip Liç ilə Ədliyyə Nazirliyində görüş olmuşdur.

Görüşdə nazir müavini Toğrul Musayev seminarın hakimlər üçün çox faydalı olduğunu və mühüm əhəmiyyət daşıdığını vurğulamış, bu mövzuda gələcəkdə də belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirmişdir. O, ölkəmizdə hüquqşünaslar tərəfindən insan hüquqlarına dair beynəlxalq qanunvericiliyin hərtərəfli öyrənilməsi məsələsinə toxunaraq, bu istiqamətdə Avropa Şurasının Baş Direktorluğu ilə Ədliyyə Nazirliyinin qarşılıqlı faydalı əməkdaşlığını xüsusi qeyd etmişdir. Qonaqlar ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını müsbət qiymətləndirərək, seminardan zəngin təəssürat aldıqlarını vurğulamış, Azərbaycan hakimlərinin insan hüquqları üzrə Avropa Konvensiyasının öyrənilməsinə və tətbiqinə maraq göstərmələrindən, onların nəzəri və əməli hazırlığından razı qaldıqlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.