SİYASƏT
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLKİN TƏDRİS KURSLARI BAŞLANMIŞDIR
Test üsulu ilə və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş 68 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən açıq şəkildə, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçinin iştirakı ilə şifahi imtahanlar keçirilmişdir. İmtahanın nəticələri üzrə 56 nəfər növbəti mərhələyə - ilkin uzunmüddətli tədris kurslarına buraxılmışdır.
Ən müasir tədris üsullarından istifadə edilməklə 4 ay müddətində keçiriləcək həmin kursların tədris proqramının hazırlanmasında beynəlxalq təcrübə nəzərə alınmış, proqrama insan hüquqlarının qorunması və bu sahədə beynəlxalq institutlar, məhkəmə etikası, məhkəmə idarəçiliyi və digər aktual məsələlərə dair mövzular daxil edilmiş, namizədlərin müxtəlif məhkəmələrdə staj keçmələri nəzərdə tutulmuşdur.
Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzində təşkil edilən kursun fevralın 27-də təntənəli açılışı olmuşdur.
Tədbirdə Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmiş, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərə toxunmuş, aparılan məhkəmə-hüquq islahatı çərçivəsində hakimliyə namizədlərin ən müasir tələblər səviyyəsində, şəffaf proseduralar əsasında seçilməsinin xüsusi əhəmiyyətini qeyd etmiş, kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulamışlar.
Sonra Ramiz Rzayev dinləyicilər qarşısında məhkəmə hakimiyyəti və hakimin statusu mövzusunda mühazirə oxumuşdur.