DÜNYA
HƏKİM FİDEL KASTRONUN AĞIR VƏZİYYƏTDƏ OLMASI HAQQINDA İNFORMASİYANI TƏKZİB ETMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Kuba Prezidenti Fidel Kastro ötən ilin yayında bağırsaqlarında aparılan cərrahiyyə əməliyyatından sonra yavaş-yavaş sağalır. Onun sağlamlığı “təhlükə altındadır”, lakin ağır vəziyyətdə deyildir. Bunu Ekvadorda səfərdə olan Venesuela Prezidenti Huqo Çaves bildirmişdir. Venesuela Prezidenti İspaniyanın “Pais” qəzetinin Kastronun ağır vəziyyətdə olması və peritonitdən əziyyət çəkdiyi barədə informasiyasını, əslində, təkzib etmişdir.
Bir ay əvvəl Havanada Kuba liderini müayinə edən tanınmış İspaniya həkimi Xose Luis Qarsia Sabrido Si-En-En teleşirkətinə müsahibəsində bildirmişdir ki, cərrahiyyə əməliyyatından sonra Fidel Kastronun ağır vəziyyətdə olması haqqında məlumat həqiqətə uyğun deyildir. Kastronu müalicə edən həkimlərdən gəlməyən hər hansı informasiyanı həqiqətə uyğun saymaq olmaz . O, bir daha əmin etmişdir ki, Kuba liderinin əməliyyatdan sonrakı vəziyyəti “sabitdir”.