ELM VƏ TƏHSİL
HAKİM VƏZİFƏSİNƏ NAMİZƏDLƏR TEST İMTAHANI VERƏCƏKLƏR
TQDK-dan bildirmişlər ki, sənədlərin qəbulu Hakimlərin Seçki Komitəsi (HSK) tərəfindən aparılmış və 704 nəfərin namizədliyi qeydə alınmışdır.
İmtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, cavabların yoxlanılması və s. bilavasitə ümumi zalda namizədlərin gözü qarşısında aparılacaqdır.
Hakimlərin Seçki Komitəsi imtahan üçün 1000-dən çox sualdan ibarət test bankı hazırlamışdır. Suallar hüquq sahəsini əhatə edir. Test bankının elektron versiyası olan möhürlənmiş zərf imtahan zalında HSK tərəfindən müşahidəçilərin iştirakı ilə açılır. Zərfdəki disk işçi qrupuna verilir. Suallar namizədlərin iştirakı ilə aşkar surətdə diskdəki ümumi suallar toplusundan seçilir. Ümumi test bankından təsadüfi ədədlər əsasında hər biri 100 sualdan ibarət 10 variant seçilir və hər bir variant təsadüfi namizəd tərəfindən nömrələnir. Təsadüfi namizəd həmin variantlardan birini seçir və o, dörd - əsas və törəmə variantlarda tərtib olunur. Variantlar yerindəcə namizədlərin və müşahidəçilərin gözü qarşısında qısa müddətdə sürətli surətçıxarma qurğuları vasitəsilə namizədlərin sayına uyğun olaraq kitabça şəklində çoxaldılır.
İmtahan müddəti 4 saatdır və bu müddətdə fasilə verilmir. Hər sual bir balla qiymətləndirilir, suallara verilən səhv cavablar düzgün cavablara təsir göstərmir, 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar. İmtahan başa çatan kimi cavablar optik qurğu vasitəsilə kompyuterin yaddaşına daxil edilir, onların əsasında ballar hesablanır və nəticələr, o cümlədən kodlar üzrə hər bir namizədin cavablarına dair arayışlar namizədlərə və HSK-ya təqdim olunur.
Testin nəticələri TQDK-nın internet saytında da (www.tqdk.gov.az) yerləşdiriləcəkdir.