SİYASƏT
HƏMVƏTƏNİMİZ TƏBABƏTDƏKİ NAİLİYYƏTLƏRİNƏ GÖRƏ MOSKVA HÖKUMƏTİNİN MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Rusiyanın görkəmli həkimlərinə, o cümlədən Sabir Həbibova mükafatı və xatirə medalını təntənəli şəraitdə Moskvanın meri Yuri Lujkov təqdim etmişdir.
S.Həbibovun və onun həmkarlarının işi mükafat təqdim olunan 40 iş arasından seçilmiş praktik təbabətə dair 7 ən yaxşı iş sırasında idi. Həmvətənimiz Rusiyada ilk dəfə olaraq, venaların endoskopik kəsilməsi metodikasını tətbiq etmişdir. O, həmin metodikadan hələ 2000-ci ildə Hamburqda cərrahların konqresində iştirak edərkən xəbər tutmuşdu.
Əslən kəlbəcərli olan Sabir Həbibov Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Bakıda Elmi Tədqiqat Eksperimental Təbabət İnstitutunda yeddi il işlədikdən sonra Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Tədqiqat Mərkəzinin aspiranturasına daxil olmuşdur.1981-ci ildə “Ağ ciyərin zirvəsi xərçənginin klinikası, diaqnostikası və müalicəsi” mövzusunda bu sahədə ilk namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən Moskvadakı 79 nömrəli klinik xəstəxanada işləyir və praktik cərrahiyyə ilə məşğul olur.