SİYASƏT
HƏMYERLİLƏRİMİZİN AVROPADA UĞURLARI ARTIR
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yaxınlarda Almaniyanın Rostok şəhərində yaşayan həmyerlimiz Nailə Hacızadənin adı ölkənin nüfuzlu “Kim kimdir?” ensiklopediyasına daxil edilmişdir. 1849-cu ildən çıxan bu ensiklopediya Qərb dünyasının uğur əldə etmiş şəxslərinin bioqrafiyası haqqında informasiyaları özündə cəmləşdirir. İndiyədək bu ensiklopediyada iqtisadiyyat, elm, idman, mədəniyyət və siyasət sahələrindən 70.000 şəxs haqqında bioqrafik məlumat toplanmışdır. Nailə Hacızadə Rostok şəhəri merinin buradakı əcnəbi cəmiyyətlər arasında keçirdiyi mədəni tədbirlərdə göstərdiyi fəallığa görə dəfələrlə yazılı təşəkkür almışdır.
Daha bir soydaşımız, hüquq elmləri magistri Rizvan Nəbiyev isə 3 illik elmi tədqiqatlarını başa vuraraq, Berlin Universitetində siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Həmyerlimiz Azərbaycan Respublikasının timsalında Xəzər bölgəsində neft və qaz siyasəti, coğrafi-siyasi maraqlar barədə doktorluq dissertasiyasını müdafiə edərək, onu Berlin nəşriyyatlarının birində monoqrafiya şəklində nəşr etdirməyə nail olmuşdur.
Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunu olan Rizvan Nəbiyev 1997-1999-cu illərdə Almaniyanın Saarland Univesitetində Avropa hüququ və Avropada inteqrasiya prosesləri ixtisası üzrə magistr təhsili almışdır.