SİYASƏT
HƏMYERLİLƏRİMİZ AVROPA ŞURASININ BİNASI QARŞISINDA PİKET KEÇİRMİŞLƏR
AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, yanvarın 28-də Dünya Azərbaycanlılarının Konqresi və Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti Strasburqun müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin Avropa Şurasının binası qarşısında piketini təşkil etmişlər.
Tələbələrin əllərində tutduqları plakatlardakı şəkillərdə Qanlı Yanvar faciəsi, erməni silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri vəhşiliklər və çadır şəhərciklərdə məskunlaşaraq dözülməz şəraitdə yaşayan uşaqların həyatı əks olunmuşdur. Plakatlar AŞPA-nın qış sessiyasında iştirak edən deputatların ciddi marağına səbəb olmuşdur.
Piket iştirakçıları deputatlara fransız və ingilis dillərində vərəqlər də paylamışlar. Vərəqlərdə Azərbaycanın əzəli ərazisi Dağlıq Qarabağın və onun ətrafında daha yeddi rayonumuzun ermənilər tərəfindən işğal olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünün hələ də çadırlarda dözülməz şəraitdə yaşaması, işğal edilmiş ərazilərin ekologiyasına qəsd edilməsi, Xocalı soyqırımına beynəlxalq qurumların bu günədək siyasi qiymət verməməsi barədə geniş məlumat verilmişdir. BMT, Avropa Şurası və ATƏT-in Minsk qrupu kimi mötəbər beynəlxalq təşkilatların nüfuzlarından istifadə edərək ərazilərimizin azad olunmasında ölkəmizə dəstək vermələri, soydaşlarımızın tapdanmış hüquqlarının bərpa olunmasına kömək göstərmələri barədə çağırışlar da vərəqələrdə öz əksini tapmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq