ELM VƏ TƏHSİL


HƏMYERLİMİZİN MƏRUZƏSİ BARSELONADA DİNLƏNİLMİŞDİR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Kamilə Dadaşzadə 400-ə yaxın üzvü olan Avropa İncəsənət Universitetləri Liqasının İspaniyanın Barselona şəhərində keçirdiyi beynəlxalq konfransdan qayıtmışdır.

K. Dadaşzadə müxbirimizə demişdir ki, o, Norveç, Türkiyə, ABŞ, Yunanıstan, Almaniya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə “Müasir elmi nəzəriyyələrin xalq musiqisinin araşdırılmasında və tədrisində tətbiq edilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Ümumiyyətlə, konfransda 28 məruzə dinlənilmişdir. Beynəlxalq münsiflər heyəti onları 24 ölkədən göndərilmiş 75 məruzənin içərisindən müsabiqə yolu ilə seçmişdi.

Azərbaycan mütəxəssisinin bu beynəlxalq tədbirdə iştirakı həm musiqi sənətimizin təbliği, həm də incəsənət növlərinin tədrisi sahəsində yeni üsulların öyrənilməsi nöqteyi-nəzərindən faydalı olmuşdur.

Mədəniyyət və İncəsənət Universiteti 2001-ci ildən liqanın üzvüdür. Təşkilatın məqsədi mədəniyyət və incəsənət sahəsində aparılan tədrisi təkmilləşdirmək, Avropanın incəsənət universitetləri arasında yaradıcılıq mübadiləsini gücləndirməkdir. Universitetin beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə bu tədris ocağında liqanın informasiya mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Bu iş Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə həyata keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.