İDMAN
HƏMYERLİMİZİN QIZIL MEDALI
16 yaşlı soydaşımız Vüqar Rəhimov yunan-Roma güləşi üzrə 2003-cü il Ukrayna kuboku uğrunda yarışlarda sensasiya doğuran nəticə göstərmişdir. Zaporojyedə keçirilən yarışların finalında Vüqar gənclər arasında dünya çempionu, ötən il Ukrayna kubokunu qazanmış beynəlxalq dərəcəli idman ustası Aleksandr Oqorodnikov üzərində təmiz qələbə qazanmışdır.
Hazırda Nikolayev şəhərində yaşayan gənc atlet mükafatın təqdim edilməsi mərasiminə üzərində tarixi Vətəninin rəmzi əks olunmuş və “Azərbaycan” sözü yazılmış idman geyimində çıxmışdır.
Bu, perspektivli pəhləvanın ilk böyük qələbəsi deyildir. Keçən il yunan-Roma güləşi üzrə Ukrayna çempionatında 50 kiloqramadək çəki dərəcəsində birinci yeri tutmuşdur.
Ukraynanın gəmiqayıranlar şəhərində yaşayan Rəhimovlar ailəsində daha bir idmançı var. Bu, 1983-cü il təvəllüdlü Rəhimdir. Nikolayev Gəmiqayırma Universitetinin tələbəsi olan Rəhim yunan-Roma güləşi üzrə Ukrayna yığma komandasının üzvüdür.
Xalqımız bir daha sübut etmişdir ki, o, istedadlı, güclü idmançılar da yetişdirir. Ümidvar olmaq istərdik ki, Rəhimov qardaşları Azərbaycanın bayrağı altında çıxış edəcək və ölkəmizin himninin sədalarının müşayiəti ilə fəxri kürsünün ən yüksək pillələrinə qalxacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev