CƏMİYYƏT
HƏMYERLİMİZ AKADEMİK HÜSEYNƏLİ İSMAYILOV RUSİYANIN “ALFRED NOBEL” VƏ ”VERNADSKİ” QIZIL MEDALLARI İLƏ TƏLTİF OLUNUB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həmyerlimiz, Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, İlizarov mükafatı laureatı professor Hüseynəli İsmayılov beş ildir ki, akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbərlik edir.
Nümayəndəliyin mərkəzi ofisi Tehrandakı “Milad” klinik xəstəxanasında yerləşir. Hüseynəli İsmayılov İranda olduğu müddətdə 5000 nəfərdən artıq xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Onun şəfa verdiyi xəstələr arasında inkişaf etmiş Avropa ölkələrindən gələnlər də vardır. H.İsmayılov deyir ki, Azərbaycandan gələn xəstələr güzəştli şərtlərlə, yalnız klinikanın xidmət xərclərini ödəyib müalicə olunurlar.
2003-cü ildə “Rusiyanın əməkdar səmərələşdiricisi” medalı ilə təltif olunan professor H.İsmayılov üçün 2007-ci il daha uğurlu olmuşdur. O, Rusiyanın “Alfred Nobel” və “Vernadski” qızıl medallarına layiq görülmüş, adı “Rusiyanın görkəmli alimləri” İnternet-Ensiklopediyasına daxil edilmişdir.
Əl və ayaq sümüklərinin anadangəlmə qüsurlarından və sınıqlardan əziyyət çəkən, dəfələrlə cərrahiyyə əməliyyatı olunmuş onlarla ağır xəstə professor H.İsmayılovun ciddi səyləri nəticəsində şəfa tapmışdır. Professor deyir ki, dünyada analoqu olmayan İlizarov metodunun tətbiqi ilə anadangəlmə və sınıqlar nəticəsində yaranmış fəsadları - sümük çatışmazlıqlarını, əl və ayaq əyriliklərini, sümük gödəkliklərini aradan qaldırmaq mümkündür.
######