SİYASƏT
HƏMYERLİMİZ LİTVA PARLAMENTİNİN ÜZVLÜYÜNƏ NAMİZƏDDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 12-də Litva Respublikasında keçiriləcək parlament seçkilərində namizədlərdən biri azərbaycanlıdır.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev bu seçkilərə Litva Liberallarının Birgə Hərəkatı Partiyasının xətti ilə qatılmışdır.
M.Həmzəyev seçkilərdə həm təkmandatlı, həm çoxmandatlı sistem üzrə iştirak edir. Onun namizədliyinin irəli sürüldüyü 52 nömrəli Zarasay-Visaginas təkmandatlı seçki dairəsi Vilnüsdən 160 kilometr aralıda yerləşir. Çoxmandatlı seçki dairələri üçün tərtib olunmuş partiya siyahısında isə Mahir Həmzəyevin adı 100 nəfərin arasında 23-cüdür.
Litva Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 21 siyasi partiyanın irəli sürdüyü namizədlər iştirak edəcəklər. Litvada cəmi 71 seçki dairəsi fəaliyyət göstərir. Parlamentə 71 deputat təkmandatlı, 70 nəfər isə çoxmandatlı seçki dairəsindən seçilir.
######