SİYASƏT
HƏMYERLİMİZ, RUSİYA QƏHRƏMANI DAVİD PAŞAYEV VƏFAT ETMİŞDİR
Moskva, 8 aprel (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresindən bildirmişlər ki, həmyerlimiz, “Sevmaş”ın keçmiş baş direktoru, Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin (RDAGM) prezidenti, Rusiya Qəhrəmanı David Paşayev 70 yaşında Moskvada vəfat etmişdir.
D.Paşayev 1963-cü ildə Ural Politexnik İnstitutunu bitirmiş, təyinatla Severodvinskdəki “Sevmaş” zavoduna işləməyə göndərilmişdir. Usta köməkçisindən baş direktoradək şərəfli əmək yolu keçmiş David Paşayev Rusiya Qəhrəmanı adına, Dövlət mükafatına, “Rusiya Donanmasının 300 illiyi” medalına layiq görülmüşdür. 2002-ci ildə hərbi gəmiqayırma sahəsində görkəmli xidmətlərinə görə ona “İlin adamı” adı təqdim olunmuşdur.
David Paşayev “Sevmaş”ın tarixində kollektiv tərəfindən seçilən yeganə rəhbər olmuşdur. O, 1983-cü ildə zavodun direktoru seçilmişdir. Onun rəhbərlik illəri gəmiqayırma sənayesinin çiçəklənən dövrü idi. “Sevmaş” “Akula”, “Antey”, “Bars” gəmilərini inşa etmişdi. 2004-cü ildə D.Paşayev səhhəti ilə əlaqədar vəzifəsindən getmişdir. RDAGM-in prezidenti və İctimai Palatanın üzvü kimi o, Rusiya atom gəmiqayırma sənayesinin problemləri ilə məşğul olmuşdur. Ömrünün son illərini Moskvada yaşamışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva