İDMAN
HƏNDBOLÇULARIMIZ “ÇELENC TROFİ” TURNİRİNİN GÜMÜŞMEDALINA SAHİB OLDULAR
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində kişilər arasında həndbol üzrə “Çelenc Trofi” turnirinə yekun vurulmuşdur. Qrupda İngiltərə, Şotlandiya, İrlandiya və Malta komandaları üzərində qələbə qazanan yığma komandamız, Moldova millisi ilə sonuncu qarşılaşmada 26:19 hesabı ilə məğlub olmasına baxmayaraq, qrupda ikinci yer tutaraq finala çıxmışdır. Bu mərhələdə Hikmət Abdullayevin yetirmələri bütün görüşlərini qələbə ilə başa vurmuş Moldova kollektivi ilə yenidən qarşılaşmışlar.
Yığmamız oyun ərzində inamlı təsir bağışlasa da, hakimin ədalətsizliyi üzündən görüşdə 27:29 hesabı ilə uduzaraq, turnirin gümüş medallarına sahib olmuşlar. Bununla belə, komandamızın üzvləri Oleq Giyorgiyevski “Ən yaxşı oyunçu” və “Ən yaxşı dispetçer”, Üzeyir Səlimov isə “Ən yaxşı müdafiəçi” nominasiyaları üzrə turnirin xüsusi mükafatlarına layiq görülmüşlər.
Xatırladaq ki, komandamız ötən il də finalda Moldova yığmasına məğlub olmuşdu.
İngiltərə komandasını 24:18 hesabı ilə məğlub edən Şotlandiya həndbolçuları isə üçüncü yerlə kifayətlənmişlər.