ELM VƏ TƏHSİL
HƏRBİ LİTSEYƏ QƏBUL İMTAHANLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Cəmşid Naxçıvanski adına hərbi litseyin kursantı olmaq istəyən yeniyetmələr üçün iyulun 6-da ilk dəfə olaraq test üsulu ilə qəbul imtahanları keçiriləcəkdir. Bu münasibətlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında mətbuat konfransı olmuşdur. TQDK-nın sədri Məleykə Abbaszadə Azərbaycan Texniki Universitetinin binasında keçiriləcək imtahanlar haqqında məlumat verərək bildirmişdir ki, hərbi litseyin kursantı olmaq istəyən 14 yaşa çatmış yeniyetmələr 3 saat müddətində Azərbaycan dili, fizika, riyaziyyat və Azərbaycan tarixi fənləri üzrə 80 test tapşırığına cavab verəcəklər. Natiq nəzərə çatdırmışdır ki, sənədlərini Naxçıvan Muxtar Respublikasında təqdim etmiş yeniyetmələrin imtahanları Naxçıvan şəhərində olacaqdır. Testlər qapalı şəraitdə hazırlanmışdır. İmtahana respublikanın təcrübəli mütəxəssis və müəllimləri rəhbərlik və nəzarət edəcəklər.Sədr, eyni zamanda, ali təhsil ocaqlarına sənəd qəbulunun yekunlarından danışaraq vurğulamışdır ki, indiyədək Sənəd Qəbulu Komissiyalarına 71 minə qədər ərizə verilmişdir. Digər qruplarla müqayisədə I və III qruplara daha çox ərizə təqdim edilmişdir. O bildirmişdir ki, abituriyentlər “İmtahana buraxılış vərəqəsi“ni iyulun 12-dən 15–dək SQK-dən ala biləcəklər. Natiq ali məktəblərə sənəd qəbulu prosesinin uğurla keçdiyini diqqətə çatdırmış və jurnalistləri maraqlandıran suallara cavab vermişdir.