HƏR ŞEYİ İTİRMƏK OLAR, İNSANLIĞI İTİRMƏK OLMAZ
AzerTAg.az
Bu yazıda bizim əsas məramımız son həftə ərzində “Yeni Müsavat”, “Hürriyyət” və digər qəzetlərdə ölkəmizin Prezidenti cənab Heydər Əliyevin sağlamlıq durumu ilə əlaqədar dərc olunmuş etik normalardan və milli mənəvi dəyərlərdən uzaq, əsassız yazılara münasibətimizi bildirməkdən ibarətdir. Burada söhbət heç də iqtidar-müxalifət münasibətlərindən yox, əxlaqi dəyərlərdən gedir.
İnkişaf səviyyəsindən asılı olmayaraq, dünyanın bütün dövlətlərində seçkilər keçirilir və həmişə seçkiqabağı gərgin siyasi mübarizə başlayır. Lakin bu mübarizə ifrat səviyyəyə çatmamalı, milli mənəvi dəyərlər, adət-ənənələr gözlənilməklə aparılmalıdır.
İnsan nədənsə inciyə bilər. Lakin bu, o demək deyil ki, nədənsə inciməklə insanlıq çərçivəsindən çıxasan. Siyasi mübarizə qızışa bilər, hətta həddini də aşa bilər. Bu da o demək deyildir ki, insani keyfiyyətlərini itirəsən, böyüyə, ağsaqqala , adət-ənənələrə hörməti yaddan çıxarasan. Necə deyərlər, “Ağsaqqala, böyüyə hörmət olmayan yerdə, xeyir-bərəkət olmaz”. Məhz bu baxımdan adı çəkilən qəzetlərdə yazılanları sakit və həyəcansız oxumaq mümkün deyildir.
Təbii ki, Allah-təala hər insana bir ömür verib. Bu, təbiətin qanunudur. Lakin insanın sağlığında heç bir etik normaya sığmayan ifadələrlə dolu əsassız yazılarla dövlət başçısının sağlıq durumu ilə əlaqədar cəfəng fikirlərin uydurulması və bunun mətbuat səhifəsinə çıxarılması ən azı xalqımızın adət-ənənəsinə hörmətsizlikdir.
Fikrimizcə, respublikamızın Prezidentinin ölkəmizin vətəndaşları üçün yaratdığı azad mətbuatdan “faydalanmağın” da ədəb-ərkana sığan bir həddi olmalıdır. Bu həddi isə hamı üçün “ərköyün” müsavatçıdan tutmuş “demokrat”lara qədər Qanunla bərabər vicdan və bir də mənəvi dəyərlər nizamlamalıdır.
Hazırda ölkədə fəaliyyət göstərən 800-dən artıq dövri mətbu orqanın, xəbər agentliklərinin, digər jurnalist təşkilatlarının yaradıb ərsəyə gətirdikləri Mətbuat Şurası kimi bir qurumun ona məxsus nəzarəti, iftiranı, yalanı faş etməyə borclu insanlıq qınağı niyə yoxdur?
Prezident də hər şeydən öncə insandır, o da hamı kimi xəstələnə bilər. Bu baxımdan insan insanın şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. O ki qaldı Prezidentə, o ölkəmizin, dövlətimizin və xalqımızın rəmzidir. Bu rəmz isə Azərbaycan, dünya ictimaiyyəti və dövlətləri tərəfindən qəbul olunmuş, böyük hörmət və ehtiram qazanmışdır.
Müxalifət mətbuatında gedən yazılarda işlədilən, hətta adamın düşməninə deməyi rəva bilmədiyi ifadələrə nə ad vermək olar? Heç bir insani məntiqə sığmayan bu hərəkətlər baş verdiyi halda nə etmək olar? Təbii ki, bu cür hərəkətlər qanunla tam tənzimlənmir. O qalır yalnız insanın öz vicdanına.
Biz də bu yazıda təhqiramiz və xoşagəlməz ifadələrdən istifadə edə bilərdik. Lakin bizim tərbiyəmiz buna yol vermir. Cənab Heydər Əliyevi bütün dünya qəbul edib, onunla hesablaşdığı halda, özümüzünkülər ya bunu dərk etmir, ya da qəbul edə bilmir.
Unutmaq olmaz ki, hər bir insan öz əməl və hərəkətlərinə, habelə işlətdiyi ifadələrə görə cavabdehdir. Ola bilər ki, kimsə dövlətdən, onun qanunlarından çəkinməyərək, təhqiramiz hərəkətlər etsin, ifadələr işlətsin. Bir şeyi bilmək lazımdır ki, kim nə edirsə, özünə edir və bütün hərəkətlərinə görə mütləq cavab verməli olacaqdır. Atalarımız bu yerdə gözəl deyib: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Biz müxalifət mətbuatındakı bu qəbil yazılara münasibət bildirməklə heç də kimi isə tərbiyə etmək fikrində deyilik. Birincisi, biz ölkəmizin Prezidenti cənab Heydər Əliyevin (dövlətin, xalqın, millətin) ünvanına təhqiramiz yazılara vətəndaşlıq münasibətimizi bildiririk. Digər tərəfdən, düşmənçilik mövqeyi ilə yazılmış bu cür qərəzli yazılar Azərbaycan dövlətinin, xalqının beynəlxalq aləmdə gündən-günə yüksələn nüfuzuna xələl gətirir. Onsuz da Azərbaycanı istəməyənlər, ölkəmizə qarşı düşmən mövqedə dayananlar həm daxildə, həm də xaricdə kifayət qədərdir.
Təbii ki, prezident seçkiləri də keçiriləcək, prezident də seçiləcək və Azərbaycan dövləti də inkişaf edərək dünya dövlətləri sırasında daha layiqli yerini tutacaqdır. Bununla da xalqımızın rifah halı günbəgün yaxşılaşacaqdır. Bu tərəqqiyə mane olmağa çalışanların sonrakı peşimançılığı isə fayda verməyəcək. Ola bilər bu deyilənləri o cür yazıların müəllifləri dərk etməsinlər. Ancaq düşünməyə dəyər, hələ də gec deyil.
Şərəf və ləyaqətə toxunan əsassız, təhqiramiz yazılar dərc edənlərə qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsinə ehtiyac duyduğumuzu bəyan edərək, belə halların yolverilməz olduğunu bildiririk.
YAP Siyasi Şurasının üzvləri:
Yaqub Eyyubov, Əli Həsənov
Xəbərin mətnində orfoqrafik səhv var