İQTİSADİYYAT
HƏYATA KEÇİRİLƏCƏK KOMPLEKS TƏDBİRLƏR XALQIN RİFAHININ YÜKSƏLMƏSİNƏ YÖNƏLMİŞDİR
Maliyyə naziri Əvəz Ələkbərov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2005-ci ilin dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək kompleks tədbirlər əsasən qeyri-neft bölməsinə dövlət qayğısının artırılmasını, büdcənin sosial və investisiyayönümlüyünün təmin olunması yolu ilə məşğulluğun səviyyəsinin yüksəldilməsini, ixrac təyinatlı məhsul istehsalının təşviqini nəzərdə tutur. Regionlarda əmək ehtiyatlarından, digər potensialdan səmərəli istifadə etməklə onların iqtisadi inkişafına nail olmaq, infrastrukturların gücünü artırmaq, sosial problemlərin həllini sürətləndirmək əsas istiqamətlərdir. Vergi qanunvericiliyini təkmilləşdirmək, vergilərin strukturunu sadələşdirmək, borcları azaltmaq, vergi güzəştlərinin sayını məhdudlaşdırmaq, sosial ayırmaların səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmaq, onların yığımını təkmilləşdirmək, qeyri-neft bölməsində büdcə gəlirləri üzrə yığım əmsalının artımına nail olmaq büdcə-vergi siyasətinin mühüm şərtləri olacaqdır.
Xərclər üzrə büdcə siyasətinə toxunan nazir demişdir ki, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlər üçün müavinətlərin, pensiyaların mərhələlərlə artırılmasına nail olmaq, əmək haqlarını, o cümlədən minimum əməkhaqqını artırmaq və əməyin ödəniş sistemini təkmilləşdirlmək, elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminatı inkişaf etdirmək üçün bu sahələrdə islahatları dərinləşdirmək zəruridir. Bütün bu tədbirlər xalqın rifahının yüksəlməsinə yönəlmişdir.