“HEYDƏR ƏLİYEV DÖVLƏT İDARƏÇİLİK MƏKTƏBİ” NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AzerTAg.az
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev dövlət idarəçilik məktəbi”nin növbəti məşğələsi keçirilmişdir.Məşğələ “Heydər Əliyev və Atatürk ideyaları” mövzusuna həsr edilmişdir.
Akademiyanın rektoru,əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov məşğələni açaraq mövzu barədə ətraflı məlumat vermiş, Azərbaycan- Türkiyə əlaqələrinin tarixindən və inkişafından danışmışdır. Türkiyə Cümhuriyyətinin yaranmasında böyük Mustafa Kamal Atatürkün xidmətlərini diqqətə çatdıran natiq müasir dünyada Atatürk və Heydər Əliyevin adlarının yanaşı çəkilməsinin mahiyyətini aydınlaşdıraraq, hər iki böyük şəxsiyyətin öz dövlətləri, xalqları, millətləri qarşısında xilaskarlıq rolunu konkret faktlarla şərh etmişdir.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, MEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdikdən sonra türk dünyasını öyrənmək, tədqiq etmək istiqamətində mərkəzin apardığı işlərdən danışmışdır. Türkiyə- Azərbaycan əlaqələrinin möhkəmlənməsində Atatürkün və Heydər Əliyevin fəaliyyətinin oxşar cəhətlərini diqqətə çatdırmışdır. Xalqlarımızın bu böyük şəxsiyyətlərlə fəxr etməkdə haqlı olduğunu vurğulamışdır.
Akademik Əli Nuriyev, professorlar Əlikram Abdullayev, Əbülfəz Qasımov və başqaları çıxış edərək türk dünyasının inkişafında Atatürkün və Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar. Ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində Azərbaycanda Atatürk Mərkəzinin fəaliyyətindən geniş istifadə olunmasının zəruriliyini qeyd etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var