SİYASƏT
“HEYDƏR ƏLİYEV STRESS VƏZİYYƏTİNDƏN ÇIXMAQ ÜÇÜN BİR QƏDƏH KONYAK İÇİRDİ”
-Biz səhər və axşam yeməyini vilayət partiya komitəsinin mehmanxanasının restoranında edirdik, Heydər Əliyev elə orada ikiyerlik adi nömrədə qalırdı. Axşam, stressdən çıxmaq üçün Heydər Əliyev bir qədəh konyak içirdi. Mədəmdəki yaranın ağrısı kəskinləşdiyindən mən hətta bunu da edə bilmirdim.
Faciəni bir anlıq da olsa, unutmaq üçün süfrə arxasında başqa mövzular tapmağa çalışırdıq. Bütün fikrini ittifaq büdcəsinin tərtibinə yönəldən Heydər Əliyeviç deyirdi ki, ölkə təkcə xammal ixracı hesabına yaşamamalıdır. SSRİ-nin sanballı iqtisadi inkişaf proqramının olmamasından təəssüflənirdi. Xruşşov vəzifəsindən çıxarılandan sonra SSRİ Nazirlər Sovetinin sədri olan Aleksey Kosıgin belə bir proqram təklif etmişdi. O, sosializmin tərəfdarı idi, İttifaqın dağılacağı heç ağlına belə gəlmirdi. Lakin sosializm quruluşunun islah olunmasının zəruriliyini qeyd edirdi (təxminən, indi Çində olduğu kimi). Kosıgin əsas istehsal vasitələrinin dövlət mülkiyyətində qalmasının tərəfdarı olsa da, özəl sahibkarlığa azacıq yer verilməsini mümkün hesab edir və mərkəzdən verilən tapşırıqların sayının azaldılmasına çağırırdı.
Kosıginin proqramına yalnız 1966-cı il ərzində əməl olundu. Sonra Brejnev və Suslov bu proqramda sosializmin əsas mövqelərindən uzaqlaşma görərək, onu dayandırdılar.
... “Admiral Naximov” teploxodunda axtarış işləri 50 metr dərinlikdə işləyən 10 dalğıcın ikincisi həlak olana qədər davam etdirildi. Səbəb elə həminki idi: gəminin qırıntıları oksigen şlanqını kəsmişdi. Bu faciəni ürəyinə salan Heydər Əliyev sınıxmış vəziyyətdə Moskvaya yola düşdü. O, öz səlahiyyətlərini mənə verərək dedi: “İnsanların dərdini mümkün qədər azaltmaq üçün əlinizdən gələni edin!”
Komissiyada vəzifəcə böyük şəxs kimi, həlak olanların qohum-qardaşlarına məlumat verməli oldum: “Başa düşürük ki, siz əzizlərinizi xristian adəti ilə dəfn etmək istəyirsiniz. Lakin biz cansız cəsədləri sudan çıxarmaq üçün öz həyatlarını qurban verən yüksək ixtisaslı mütəxəssislərimizi itiririk... Həkimlərin rəyinə və təhlükəsizlik texnikasının tələblərinə istinad edərək, axtarışları dayandırırıq”. 65 nəfəri, o cümlədən Ukraynadan olan 40 nəfəri tapmaq mümkün olmadı...
Şəxsi keyfiyyətləri və vətəndaş mövqeyi sayəsində Heydər Əliyevə istər sovet Azərbaycanında, istərsə də ölkə müstəqillik əldə etdikdən sonra ehtiyac var idi. Dəqiq bilirəm ki, o, MK-da işləyərkən axşam saat 10-dan tez evə getmirdi. Respublika MK-nın birinci katibi işlədiyi illərdə o, demək olar ki, bütün kəndlərdə və zavod kollektivlərində olmuşdur. Milli incəsənəti qiymətləndirir, Azərbaycan opera teatrının bütün ilk tamaşalarında olurdu. Müslüm Maqomayevə həyat vəsiqəsi vermişdir. Azərbaycan dilinin mükəmməl surətdə tədris olunmasında təkid edirdi. Bununla da, sözsüz ki, xalqının məhəbbətini qazanmışdır.
1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hərc-mərclikdən sonra 70 yaşlı Heydər Əliyevə yenidən ehtiyac yarandı. Partiya rəhbəri kimi yox, hamı tərəfindən qəbul edilmiş milli lider kimi.
“Faktı i kommentarii” qəzeti, 13 may 2003-cü il
ŞƏKİLALTI SÖZLƏR
Sov.İKP MK komissiyasının sədri Heydər Əliyev (mikrofonUN önündə) və “Admiral Naximov” gəmisində zərərçəkənlərə yardım göstərilməsi üzrə Ukrayna qrupunun rəhbəri Yakov Poqrebnyak (soldan axırıncı) həlak olanların qohumları ilə görüş zamanı. Novorossiysk, 1986-cı il.
Şəkil Yakov Poqrebnyakın albomundan götürülmüşdür.