MƏDƏNİYYƏT
“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN SƏHİYYƏSİ”
“Azərbaycan “ nəşriyyatı səhiyyə naziri akademik Əli İnsanovun “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” kitabını nəfis şəkildə çapdan buraxmışdır. Uzun illər respublikamıza rəhbərlik edən Heydər Əliyevin geniş və çoxcəhətli fəaliyyətinin daha bir istiqamətindən – xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı sahəsində gördüyü əvəzsiz işlərdən bəhs edən kitab bu sahədə ilk təşəbbüs kimi qiymətləndirilə bilər.
“Azərbaycan-Qədim Şərq təbabəti ənənələrinin təcəssümüdür” adlı birinci fəsildə səhiyyənin və tibb elminin XX əsrdəki vəziyyətinə nəzər salınır. Burada Heydər Əliyev şəxsiyyətinə, 1970-ci illərdə və 1980-ci illərin əvvəlində respublikada səhiyyənin inkişafı, müalicə-sağlamlıq ocaqları şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işlərə geniş yer ayrılmışdır. Məsələn, 1970-1975-ci illər ərzində respublikada təkcə uşaq poliklinika və xəstəxanalarının sayı 150-dən 185-ə çatdırılmışdı.
Heydər Əliyevin ölkə səhiyyəsinin möhkəmləndirilməsinə yönəldilmiş böyük səyləri onun maddi bazasının genişləndirilməsi ilə məhdudlaşmırdı. O, 1970-1980-ci illərdə ümumilikdə 30-dək gənc Azərbaycan aliminin İttifaq səviyyəsində müxtəlif ixtisaslar üzrə doktoranturaya qəbul edilməsinə nail olmuşdu. 1969-cu ilin dekabrında Heydər Əliyevin təşəbbüsü ilə respublika Ali Sovetinin 7-ci sessiyasında səhiyyə üzrə qanunvericiliyin əsasları haqqında qərar qəbul edilmişdir. Həmin qərar bu sahənin inkişaf xəttini çox illər öncədən müəyyənləşdirdi. Bu fəsildə iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi haqqında Prezidentin 2001-ci il 4 iyun tarixli Sərəncamı və tibb işcilərinə təbrik məktubu da verilmişdir.
“Prezident Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin memarıdır” adlı sonrakı fəsil ölkəmizin müstəqillik qazandığı dövrdən bəri tibb elminin inkişafına və postsovet tibb məkanında Prezident Heydər Əliyevin tarixi roluna həsr olunmuşdur. Həmin fəsildə deyilir ki, son 8 ildə ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, Azərbaycan ərazisində QİÇS-in və vərəmin yayılmasına qarşı milli proqramlar işlənib hazırlanmışdır. Kəskin yoluxucu xəstəliklərlə, o cümlədən poliomielitlə mübarizədə böyük uğur əldə edilmiş, təzə doğulan çağaların “MEKAKAR” proqramı çərçivəsində ilk vaksinasiyası prosesi Prezident Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Müstəqillik illərində səhiyyə obyektləri şəbəkəsinin genişləndirilməsi, yüzlərlə tibb müəssisələrinin yenidən qurulması və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində böyük işlər görülmrşdür.
Sonda müəllif vurğulayır ki, səhiyyə işçiləri təmkinli olmağı və gələcəyə ümidlə baxmağı, dünyanın gözəlliyini başa düşməyi, həyatın bizə bəxş etdiyi nemətlərin qədrini bilməyi, təbiətdən, yaradıcılıqdan, incəsənətdən zövq almaq bacarığını məhz Prezidentdən öyrənirlər. Ona görə də Heydər Əliyevin əzəmətli şəxsiyyəti də təkcə tarixçilərin və filosofların, politoloq və sosioloqların deyil, həm də həkimlərin, habelə bir çox digər elmlərin nümayəndələrinin tədqiqat mövzusudur və olacaqdır.
Kitabda çoxlu fotoşəkillər verilmişdir.