SİYASƏT
“HEYDƏR ƏLİYEV VƏ MILLI-MƏNƏVI DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Dövlət himni səsləndikdən sonra Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Birliyin sədri, “Ümid çırağı” jurnalının baş redaktoru kərbəlayi Xədicə Babayevanın “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzəsi dinlənildi. Sonra Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Təhsil Problemləri İnstitutunun direktor müavini, professor Yəhya Kərimov, Müəllimlər İnstitutunun prorektoru, professor Mircəfər Həsənov, xalq artisti Niyaməddin Musayev, jurnalist Kamil Məhərrəmov və başqaları məruzə ətrafında çıxış etdilər.
Natiqlər Prezident Heydər Əliyevin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü böyük işlərdən danışdılar.
Çıxış edənlər bildirdilər ki, Prezident Heydər Əliyev əməli işi ilə xalqımızın ürəyində özünə heykəl ücaltmış, xatirəsini əbədiləşdirmişdir. İndi isə, xalq haqlı olaraq, bunun rəsmi şəkildə həyata keçirilməsini istəyir.
Natiqlər vurğuladılar ki, bütün həyatını respublikamızın inkişafına həsr etmiş Heydər Əliyevdən bizə zəngin irs qalmışdır. Ona görə də tədqiqatçılar dahi rəhbərimizin irsini araşdırmalı və olduğu kimi gələcək nəsillərə çatdırmalıdırlar.