MƏDƏNİYYƏT
“HEYDƏR ƏLİYEV VƏ ŞƏRQ” KİTABI FARS DİLİNDƏ NƏŞR OLUNMUŞDUR
Yaxın və Orta Şərq ölkələri üzrə çoxillik diplomatik təcrübəyə malik olan tərtibatçı müəlliflər bu toplunun yaranmasına peşəkarcasına yanaşaraq Heydər Əliyevin Şərq siyasətinin bütün incəliklərini əks etdirə bilmişlər. Toplunun təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, həm də qonşu ölkələrin siyasətçiləri tərəfindən yüksək qiymətləndirilməsi onun İran ilə münasibətlərə həsr edilmiş ikinci cildinin fars dilinə tərcüməsi zərurətini yaratmışdır.
Kitabın tərcüməsi müəlliflərin təsisçiləri olduğu Şərq Araşdıma Mərkəzi tərəfindən, bilavasitə İran İslam Respublikasının Bakıdakı səfiri Əhəd Qəzainin dəstəyi ilə səfirliyin birinci müşaviri Bayetinin zəhməti sayəsində çapa hazırlanmış, cildin fars dilində Azərbaycanda nəşri Bakıdakı “Çallıoğlu” mətbəəsində nəfis şəkildə çap edilmişdir. Beləliklə, İran oxucuları Heydər Əliyevin Şərq siyasəti ilə tanış olmaq imkanı əldə etmişlər.
Kitabda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə bağlı xarici siyasətinin əsas aspektləri, bu sahədə əldə edilmiş nailiyyətlər diqqətə çatdırılmışdır. “Heydər Əliyev və Şərq” kitabı milli liderimizin, Azərbaycanın böyük dövlət xadiminin gördüyü işlərin tarixi təzahürüdür. Şərq Araşdırmaları Mərkəzi artıq “Dünya mətbuatı Heydər Əliyev haqqında” adlı toplunun nəşrinə hazırlaşır.