SİYASƏT


HEYDƏR ÖNDƏ ADDIMLAYIRDI
QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV HEYDƏR ƏLİYEVİ XATIRLAYIR

Moskvada çıxan “Tribuna” qəzetinin 3 iyun tarixli nömrəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xatirələri dərc olunmuşdur. AZƏRTAC həmin materialı oxuculara təqdim edir.

HEYDƏR ÖNDƏ ADDIMLAYIRDI

QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV

HEYDƏR ƏLİYEVİ XATIRLAYIR

Son 15 ilin ən mühüm mövzularından biri Sovet İttifaqının süqutu və onun hüdudları daxilində yeni dövlətlərin təşəkkül tapması ilə bağlıdır. Həmin dövlətlərin əksəriyyətinə hələ bu yaxınlaradək Sov. İKP MK Siyasi Bürosunun üzvləri başçılıq edirdilər. Leonid Şebarşin “Ağır zəmanələrin xronikaları”nda bununla əlaqədar kinayə ilə qeyd etmişdir ki, SSRİ-də kadrları pis hazırlamırdılar. Bəs, biz bu kadrlar haqqında nə bilirik? Bəs siyasətçiləri həmişə əhatə etmiş uydurmalardan, böhtanlardan həqiqəti necə ayırmalı? Həqiqəti ilk mənbələrdən öyrənmək lazımdır. Bax, buna görə də “Tribuna”nın oxucularını Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Heydər Əliyev haqqında qəzetimizin xahişi ilə yazdığı düşüncələri ilə tanış etmək istəyirik.

Mən siyasətə hələ yenicə qədəm qoyanda Heydər Əliyeviç artıq sovet dövlət hakimiyyətinin olimpində idi – uzun illər ərzində Azərbaycan Kommunist Partiyasına başçılıq etmişdi, 1982-ci ildən isə Moskvada Sovet İttifaqının mərkəzi orqanlarında rəhbər vəzifələrdə işləyirdi.

1984-cü ildən, mən Qazaxıstan hökumətinə rəhbərlik etməyə başladığım vaxtdan etibarən biz tez-tez görüşürdük. Respublikaların baş nazirləri arasında ən gənc hökumət sədri kimi mənim dünya görmüş, iqtisadiyyatın qurulması və böyük siyasət sahəsində zəngin təcrübəyə malik, eyni zamanda, açıq qəlbli və səmimi olan bu adamdan öyrənə biləcəyim çox şey vardı. O, respublikaların və onların əhalisinin problemlərini İttifaqın bir çox rəhbərlərindən qat-qat yaxşı bilirdi, Mərkəzin bu və ya digər qərarlarının nəticələrini sağlam düşüncə ilə qiymətləndirməyə qadir idi.

Buna belə bir fakt da sübutdur ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun rəhbərləri arasında yeganə insan idi ki, 1986-cı ilin Alma-Ata hadisələri ərəfəsində M.Qorbaçovu düşünülməmiş qərarlar qəbul etməkdən çəkindirməyə çalışmışdır. O təkid edirdi ki, pensiyaya çıxan D.Kunayevin yerinə Qazaxıstana “kənardan gətirilən” lideri rəhbər təyin etmək olmaz, yerli kadrı irəli çəkmək gərəkdir. Amma ona qulaq asmadılar və nəticədə baş verməli olan hadisə baş verdi – xalq hiddətlənərək meydan və küçələrə axışdı, bu da axırda qanlı toqquşmaya gətirib çıxardı.

Sonralar, milli siyasətdəki, xüsusən Zaqafqaziyada milli siyasətdəki nöqsanlarla əlaqədar Kreml rəhbərliyini kəskin tənqid etməyə başladıqda və yetişməkdə olan Qarabağ böhranı ilə bağlı həyəcan təbili vurmağa başladıqda da belə oldu. Mən bilən, bu, Siyasi Büronun səbir kasasını daşdıran damla oldu və o, istefaya göndərildi.

Böhran isə kəskinləşdi, gərginlik və xalqın hiddəti artmağa başladı, Azərbaycanda separatçılar və millətçilər baş qaldırdılar. Burada Heydər Əliyeviçin cəsurluğuna, səbirliliyinə və dəyanətinə məəttəl qalmaya bilmirsən. Onu günahlandırmağa artıq başlanmış olan dağıntıya və iğtişaşlara, hərc-mərcliyə görə məsuliyyəti onun üzərinə atmağa çalışırdılar. Amma onu yenmək, iradəsini qırmaq mümkün olmadı.

Düşmənlərin hədə-qorxularının və dostların xəbərdarlıqlarının, hətta sadəcə özünümühafizə instinktinin əksinə olaraq, o, kənarda qala bilmədi, hadisələri “uzaqdan” seyr edən müşahidəçi olmadı, əksinə, Vətənə qayıtdı. Bir vətəndaş və vətənpərvər olaraq o, başlanmış bütün çətinlik və məşəqqətləri öz xalqı ilə birlikdə yaşamaq istədi. Özü də sadəcə yaşamaq deyil, həm də öz təcrübə və nüfuzundan istifadə edərək, vəziyyətin yaxşılaşdırılmasında iştirak etmək istəyirdi.

Bu çox kəşməkəşli dövrdə Heydər Əliyeviç o dərəcədə mükəmməl, ölçülüb-biçilmiş və açıq siyasət aparırdı ki, 1993-cü ildə xalq onu yeni müstəqil dövlətin prezidenti olmağa çağırdı və bununla da ölkənin məruz qaldığı çox mürəkkəb böhrandan çıxmağın, əslində, başqa alternativini görməyərək, öz liderinə hədsiz etimadını ifadə etdi.

Ümumiləşdirilmiş şəkildə deyə bilərəm ki, 1982-ci ildə o, Moskvaya

yola düşərkən iqtisadi və siyasi cəhətdən sabit, yüksəlişdə olan bir respublika qoyub getmişdi. On il sonra, 1993-cü ildə prezident olduqda, o, hətta müstəqillik statusu olsa da, iqtisadiyyatı tamamilə dağılmış, amansız qan tökülməsinə gətirib çıxaran tayfa, vətəndaş çəkişmələrinin, millətlərarası münaqişələrin parçaladığı, qaçqınlarla və quldur dəstələri ilə dolu olan, əhalinin ümidsizliyə qapıldığı bir ölkəni qəbul etmişdi.

Çox qısa müddətdə bütün hakimiyyət təsisatlarını bərpa etmək və möhkəmlətmək, siyasi vəziyyəti sabitləşdirmək, qan tökülməsini dayandırmaq, iqtisadiyyatı az qala boş yerdən dirçəltmək, köklü bazar islahatlarına başlamaq, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəltmək onun tərəfindən əsl qəhrəmanlıq idi.

Hələ Sovet İttifaqında formalaşmış, sosialist ideyaları ilə tərbiyə edilmiş, amma taleyin hökmü ilə tamamilə yeni şəraitlə üzləşmiş olan bu insan birləşdirilməsi sanki mümkün olmayan bir şeyi birləşdirə bildi. O, keçmiş həyatdan məqsədyönlülük, xalqın gücünə və zəkasına sönməz inamı, vəzifəyə sadiqliyi, tapşırılmış işə görə çox yüksək məsuliyyəti götürdü və gənclik təravəti ilə prinsipcə yeni ictimai və iqtisadi münasibətlər qurmağa başladı. O, buna müvəffəq oldu. O, öz doğma torpağının qədim tarixini, zəngin mədəniyyətini və milli ənənələrini qoruyub saxlayaraq və artıraraq, qloballaşma əsrinin bəzən heç də humanist olmayan çağırış və təhdidlərinə uğurlu cavabların uyğunlaşdırılmasını təmin edə bildi.

Dövlət xadimi və beynəlxalq miqyaslı siyasətçi kimi Heydər Əliyeviçin müdriklik və uzaqgörənliyinin tamamilə əks olunduğu bir mühüm məqamı ayrıca qeyd etmək istəyirəm. Xatırlamaq lazımdır ki, o, Azərbaycana yenidən rəhbərlik etməyə başlayanda ölkə beynəlxalq aləmdən, əslində, təcrid olunmuşdu. Elçibəy başda olmaqla ölkəni bir il idarə etmiş müxalifət təcridçilik və milli müstəsnalıq siyasətini üstün tutaraq, nəinki qonşularla, həm də bir çox digər xarici ölkələrlə münasibətləri gərginləşdirmişdi.

Sərt praqmatik, əməkdaşlıq və inteqrasiya tərəfdarı olan Heydər Əliyeviç vəziyyəti düzəltmək, beynəlxalq birliklə, ilk növbədə, MDB ilə münasibətləri qaydaya salmaq üçün titanik səylər göstərmişdir. Minnətdarlıqla deyirəm ki, o, mənim inteqrasiya sahəsində göstərdiyim bir çox səylərə və irəli sürdüyüm təşəbbüslərə də rəğbətlə yanaşırdı. Mən öz yaşlı həmkarımın müdrik məsləhətinə və dəstəyinə həmişə ümid bəsləyə bilirdim.

Biz saatlarla bir yerdə oturub, Xəzər regionunun problemlərini müzakirə etmişik. Bizi belə bir anlam birləşdirirdi ki, Xəzərin ehtiyatları heç vaxt və əsla ixtilaf və ədavət mövzusu olmamalıdır, xüsusən ona görə ki, regionun münaqişə potensialı həqiqətən çox yüksəkdir. Odur ki, biz Xəzərin dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq dənizi olması üçün, indiki kimi, onda da mümkün olan hər şey edirdik. Bütün Xəzərətrafı dövlətlərin və bütün dünyadakı tərəfdaşlarımızın bunda marağı var.

Heç kimin xətrinə dəymədən, qəti surətdə deyə bilərəm ki, yalnız Rusiya, Azərbaycan və Qazaxıstan liderlərinin siyasi iradəsi, qarşılıqlı fəaliyyətə və qarşılıqlı anlaşmaya ürəkdən səy göstərməsi Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirmək prosesini vaxtilə ilişib qaldığı nöqtədən çıxarmağa kömək etdi.

Bu gün Azərbaycan yenidən yüksəlişdədir və çox ümidvaram ki, Heydər Əliyeviçin işinin davamçısı onun oğlu, ölkənin yeni Prezidenti İlham Əliyev olacaqdır. Qətiyyən şübhə etmirəm ki, Qazaxıstan və Azərbaycan, əvvəlki kimi yenə də, nəinki mehriban qonşular, həm də təkcə Xəzərətrafı regionda deyil, hər yerdə səmərəli tərəfdaşlar olacaqlar.

Nursultan Nazarbayev

Qazaxıstanın Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.