SİYASƏT
HEYKİ TALVİTYE: MƏN PREZİDENT SEÇKİLƏRİNİNTAM DEMOKRATİK KEÇƏCƏYİNƏ İNANIRAM
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin aprelində Qərbi Avropa ölkələrinə rəsmi səfəri zamanı Avropa Birliyi dövlətləri ilə imzaladığı tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş əlaqələrimizin daha da inkişaf etdirilməsinə imkan yaratmışdır. Əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün hər iki tərəfdən parlament əməkdaşlıq komitəsi yaradılmışdır.
Parlamentin sədri demişdir ki, Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ölkələri ilə əlaqələri inkişaf etdirməyə geniş imkanları olsa da, bəzi problemlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu işdə ciddi maneələr yaradır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşmüşdür. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, 10 ildən artıqdır ki, heç bir nəticə əldə edilməmiş, təcavüzkar layiq olduğu cavabı almamışdır. Avropa Şurasının Ermənistanı təcavüzkar kimi tanıması və Avropa Birliyinin Dağlıq Qarabağda keçirilən seçkiləri tanımaması Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Ümid edirik ki, digər təşkilatlar da Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək və münaqişə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll olunacaqdır.
Murtuz Ələsgərov Azərbaycanda gedən hüquqi və demokratik islahatlar barədə də məlumat vermişdir. O demişdir ki, Azərbaycanda qəbul edilən və ilk dəfə olaraq prezident, parlament, bələdiyyə seçkilərini və ümumxalq səsverməsini özündə birləşdirən Seçki Məcəlləsi beynəlxalq standartlara tam cavab verir. Parlamentin sədri bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bütün beynəlxalq təşkilatların nümayəndələrinin dəvət olunacağını bildirmişdir.
Səmimi qəbul və Avropa Birliyi ilə əməkdaşlığa verilən yüksək qiymətə görə minnətdarlıq edən Heyke Talvitye demişdir ki, təmsil etdiyi qurum da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın Avropaya inteqrasiya etmək arzusu diqqətdən kənarda qala bilməz. Ona görə də təşkilat Azərbaycana xüsusi maraq göstərir və Cənubi Qafqazda xüsusi nümayəndəlik açmışdır. Təşkilat Azərbaycanın nümayəndəliklə də sıx əməkdaşlıq edəcəyinə ümid bəsləyir.
Seçki Məcəlləsi ilə tanış olduğunu vurğulayan qonaq prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçiriləcəyinə inandığını bildirmişdir. O demişdir ki, təmsilçisi olduğu təşkilatın nümayəndələri də seçkiləri müşahidə edəçəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.