DÜNYA
HİNDİSTANDA HAZIRLANMIŞ BİJUTERİYANIN TƏRKİBİNDƏ QURĞUŞUN VARDIR
Bakı, 7 iyul (AZƏRTAC). Məzuniyyətimizi keçirdiyimiz yerlərdən sırğa, boyunbağı və qolbaqlar gətirəndə onların zəhərli boya ilə rənglənə biləcəyini heç ağlımıza gətirmirik.
Hindistanda satılan və zinət əşyalarının imitasiyası olan bijuteriyanın tərkibində yüksək miqdarda qurğuşun aşkar edilmişdir. Yerli “İstehlakçıların hüquqlarını müdafiə” cəmiyyətinin mütəxəssisləri Dehlinin müxtəlif dükanlarından 54 belə məmulat almışlar. Alınmış bijuteriyaların, demək olar, hamısının boyasının, xüsusən qırmızı və narıncı rəngli boyanın tərkibində yüksək miqdarda qurğuşun aşkar edilmişdir.
Tədqiqatın iştirakçısı Praşant Racankarın sözlərinə görə, bu bəzək əşyalarının ağıza alınması lap təhlükəlidir. Mütəxəssislər monitorinqin nəticələrini Hindistan Səhiyyə Nazirliyinə göndərmək niyyətindədirlər.
Qurğuşunla zəhərlənmə çox təhlükəlidir, çünki bu ağır metalı orqanizmdən çıxarmaq mümkün deyildir. Sümüklərdə toplanıb qalan qurğuşun onları kövrəldir, müxtəlif fəsadlara gətirib çıxarır.
Təhlükəli məhsul Hindistan paytaxtının mağazalarında yerli əhaliyə satılırsa, onda kurortlara gətirilən bijuteriyanın keyfiyyətindən danışmağa dəyməz.
Daha bir xəbərdarlıq: qurğuşun pis bişirilmiş keramika qabların rəngləndiyi boyanın tərkibində də ola bilər.