DÜNYA
HİNDİSTAN BMT-NİN BAŞ KATİBİ VƏZİFƏSİNƏ ÖZ NAMİZƏDİNİ İRƏLİ SÜRDÜ
AZƏRTAC Röyterə istinadla xəbər verir ki, Hindistan BMT-nin baş katibi vəzifəsinə öz namizədini rəsmən irəli sürmüşdür. Bu, indiki Baş katib Kofi Annanın kommunikasiya və ictimai informasiya üzrə müavini Şaşi Tarurdur.
Bu il Annan baş katib vəzifəsində özünün ikinci beşillik müddətini bitirir. BMT-də qəbul edilmiş regional rotasiya qaydalarına görə, təşkilatın növbəti başçısı Asiya nümayəndəsi olmalıdır.
Asiya qitəsinin digər ölkələri, o cümlədən Cənubi Koreya, Tailand və Şri-Lanka da öz namizədlərini göstərmişlər. Şaşi Tarur bu yüksək vəzifəyə namizədlərin hamısının bərabər imkanlara malik olduğunu bildirmişdir.
Asiyadan BMT-nin sonuncu baş katibi Birma (indi Myanma) sakini U Tan olmuşdur. O, həmin vəzifədə 1961-1971-ci illərdə işləmişdir.
Şaşi Tarur Londonda doğulmuş, Hindistan və Birləşmiş Ştatlarda təhsil almışdır. BMT-də diplomatik xidmətdə 1978-ci ildən çalışır. 7 romanın, habelə çoxsaylı hekayə və məqalələrin müəllifidir.