DÜNYA
HİNDİSTAN VƏ PAKİSTAN NÜVƏ DANIŞIQLARINA BAŞLAYIRLAR
AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si-nin yaydığı məlumata görə, iyunun 19-da Nyu-Dehlidə başlanan ikigünlük danışıqlarda tərəflər qarşılıqlı etimadın səviyyəsini yüksəltməyə çalışacaqlar.
Hindistanın atom bombasını sınaqdan çıxardığı və Pakistanın buna bir neçə gündən sonra cavab verdiyi 1998-ci ilin mayından bəri bütün region nüvə müharibəsi təhlükəsi altında yaşayır. Ən çox qorxu yaradan budur ki, nə Dehlinin, nə də İslamabadın səhvən buraxılmış nüvə raketlərini hədəfə çatmamış ləğv etməyə imkan verən texnologiyası yoxdur.
Danışıqların iştirakçıları diqqəti məhz bu cür risklərin azaldılmasına yönəltmək niyyətindədirlər. Bundan əlavə, hər hansı təsadüfün qarşısını almaq üçün daimi informasiya mübadiləsi sistemi və xüsusi kommunikasiya mərkəzi yaradılmasından da söhbət gedəcəkdir. Danışıqlarda nüvə silahlarını azaltmaq və yenilərinin sınaqlarını qadağan etmək məsələsi də diqqət mərkəzində olacaqdır.