MƏDƏNİYYƏT
HİND MUSİQİ ALƏTLƏRİNİN TAQDİMAT MƏRASİMİ OLMUŞDUR
Mərasim iştirakçıları əvvəlcə “Azərbaycan və Hindistan mədəni əlaqələri” mövzusunda fotosərgi ilə tanış olmuşlar.
Muzeyin direktoru Alla Bayramova 18 may - Beynəlxalq Muzeylər Günü çərçivəsində keçirilən tədbiri açaraq bildirmişdir ki, hazırda Hindistanda 300-ə yaxın musiqi aləti mövcuddur. Bugünkü tədbirdə onlardan 11-i muzeyə təqdim olunacaqdır. Bu xeyirxahlıq missiyasına görə o, Hindistanın ölkəmizdəki səfiri Cyoti Svarup Pandeyə minnətdarlığını bildirmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan–Hindistan əlaqələrinin qədim tarixə malik olduğunu xatırladaraq bildirmişdir ki, hələ orta əsrlərdə hindli atəşpərəstlər Suraxanıdakı Atəşgahda müxtəlif ayinlər yerinə yetirmişlər. Ötən əsrin 50-ci illərindən başlayaraq, Azərbaycan kinoteatrlarında hind filmləri uğurla nümayiş etdirilmişdir. Ölməz müğənnimiz, xalq artisti Rəşid Behbudov Hindistanda olmuş, görkəmli hind kinoaktyoru və rejissoru Rac Kapurla dostluq əlaqələri yaratmış, Rac Kapur da dostunun dəvəti ilə Bakıya gəlmişdi.
Səfir Cyoti Svarup Pande muzeyə təqdim olunan hind xalq musiqi alətləri barədə məlumat vermiş, xalqlarımız və ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası nümayəndələrinin də iştirak etdiyi tədbirdə Hindistanın səfirinin ifasında hind musiqisi, Qədim Musiqi Alətləri Ansamblının ifasında “Şərq təranələri” səslənmişdir.
Muzeyin aparıcı elmi işçisi Alla Fyodorovanın ifasında (fortepiano) Qara Qarayevin “Yeddi gözəl” baletindən “Hind gözəli” rəqsi ifa olunmuşdur.