HÜQUQŞÜNASLAR İNSAN HAQLARININ QORUNMASI İSTİQAMƏTİNDƏ AZƏRBAYCANDA GÖRÜLƏN İŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
AzerTAg.az
Milli Məclisin sədri Murtuz Ələsgərov iyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 5 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədrləri, üzvləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmüşdür. Parlamentin sədri qonaqları salamladıqdan sonra, Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri Valeri Zorkini Konstitusiya Məhkəməsinin sədri seçilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi, Azərbaycanın Konstitusiya Məhkəməsinin sabiq sədri Xanlar Hacıyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik etmişdir. Murtuz Ələsgərov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik dövlət quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdır. Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə siyasi-iqtisadi islahatlar həyata keçirilir. Bu islahatların davamı kimi, 1998-ci ildə Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, elə həmin il Milli Məclis bu məhkəmənin sədr və üzvlərini təyin etmişdir. İnsan hüquq və azadlıqlarının qorunmasının təmin olunması məqsədi ilə vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmələrinə qanunla imkan yaradılmışdır. Ölkəmiz insan hüquqları ilə bağlı müxtəlif konvensiya və xartiyalara qoşulmuşdur. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Yeni Seçki Məcəlləsinin qəbulunda Avropa Şurası Venesiya Komissiyası, ATƏT ilə məsləhətləşmələr aparılmışdır. Azərbaycan az bir vaxtda hər bir cəhətdən regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir. Amma Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ölkəmizin inkişafına ciddi maneələr törədir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. On ildən artıq vaxt keçsə də problemin həllinə nail olunmayıb. Milli Məclisin sədri görüşdə iştirak edən Rusiya, Qırğızıstan, Litva, Gürcüstan, Ukrayna, Macarıstan, Latviya respublikalarının Konstitusiya Məhkəmələrinin sədr və üzvlərinə, eləcə də Avropa Şurası Venesiya Komissiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələrinə müraciət edərək, onlardan öz səlahiyyətləri daxilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Qarşıdan gələn prezident seçkilərinə toxunan parlamentin sədri demişdir ki, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün bir sıra mühüm tədbirlər görülür. Milli Məclis bütün beynəlxalq qurumları bu seçkiləri izləməyə dəvət edəcəkdir. RF Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin nümayəndə heyəti adından səmimi qəbul üçün Murtuz Ələsgərova minnətdarlıq etmişdir. O demişdir ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar, yaradılmış siyasi sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, həqiqətən də təqdirə layiqdir. MDB dövlətlərində Konstitusiya Məhkəmələrinin yaradılması mühüm nailiyyətdir. O, bu nailiyyətlərin əldə olunmasında dövlət başçılarının rolunu xüsusi vurğulamışdır. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio Azərbaycanda həyata keçirilən hüquqi islahatları yüksək qiymətləndirmişdir. O, qarşıdan gələn prezident seçkilərinin tam demokratik şəraitdə keçiriləcəyinə və Azərbaycanın bununla da beynəlxalq dəyərlərə sadiq olduğunu bir daha təsdiqləyəcəyinə ümid etdiyini vurğulamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var