MƏDƏNİYYƏT
HÜSEYN CAVİDƏ HƏSR OLUNMUŞ YENİ SƏNƏDLİ FİLMİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mədəniyyət naziri Polad Bülbüloğlu nümayişdən əvvəl çıxış edərək demişdir ki, bu ekran əsəri ölkəmizin sənədli filmlər salnaməsində özünə layiq yerini tutacaqdır.
Filmin quruluşçu rejissoru Şamil Nəcəfov böyük insan haqqında sənədli kinolentin üzərində necə məsuliyyətlə çalışdıqlarından danışmışdır. Yarım saatlıq filmdə Azərbaycan ədəbiyyatında ilk mənzum faciənin banisi olan H.Cavidin əzablı həyat yolu əsasən əhatə olunmuşdur. Burada nadir sənədli kadrlardan da istifadə edilmişdir. Onlardan biri 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri qanlı soyqırım əleyhinə küçələrə çıxmış nümayişçilər arasında Hüseyn Cavidin də iştirakını göstərən kadrdır. Məhz bu hadisədən sonra dramaturq özünün ölməz “İblis” əsərini yazmışdır.
Filmdə Cavidin Təbriz, İstanbul həyatı, oradakı ziyalılarla və həmkarları ilə görüşləri də öz əksini tapmışdır.
Filmin məsləhətçisi dramaturqun qızı Turan Cavidin Hüseyn Cavidin ev-muzeyində atasının son günləri ilə bağlı geniş ictimaiyyətə az məlum olan hadisələrlə əlaqədar verdiyi müsahibə də tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
“Yaddaş” studiyasının istehsalı olan filmin ssenari müəllifi Azər Turan, operatoru Nizami Abbas, musiqisi şairin oğlu Ərtoğrul Cavidindir.